Çavuşoğlu: ABŞ Türkiyə ilə münasibətlərdəki gərginliyi noyabr seçkilərinə görə çözmək istəmir

Çavuşoğlu

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu: "Problemlər yarana bilər, amma önəmlisi onların çözülməsi üçün səy göstərilməsidir".

Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, ABŞ-ın Türkiyə ilə problemli məsələlərini çözmək istəmədiyini, bunları noyabr ayında ara seçkilərə qədər daxili siyasət mövzusuna çevirmək istədiyini bildirib.

Antaliyada serbiyalı həmkarı İvica Dacic ilə mətbuat konfransı keçirən Çavuşoğlu deyib ki, ABŞ təhdidedici dildən istifadə etməklə heç nəyə nail olmayacaq.

ABŞ və prezident Donald Trump son zamanlar Türkiyədən orada həbs altında saxlanılan keşiş Andrew Brunson-un sərbəst buraxılmasını tələb edir, buna nail olmaq üçün isə Ankaraya qaşı müxtəlif sanksiyalar tətbiq edilir.

Çavuşoğlu, eləcə də Donald Trump-ın Türkiyəyə F-35 təyyarələri satışının dondurulması barədə qərarın imzalaması məsələsinə toxunub.

"Biz F-35 təyyarələrinin istehsalında ortağıq. Türkiyə də bu təyyarələrin istehsalında iştirak edir", - deyən Mevlüt Çavuşoğlu qeyd edib ki, bu ortaqlıqdan nə ABŞ-ın, nə də Türkiyənin çıxması asan bir iş deyil".

Çavuşoğlu iki ölkə arasında münasibətlərdəki son duruma toxunaraq deyib: "Mövcud problemlərin çözümü üçün diplomatiyadan davamlı olaraq istifadə etdik".

"Problemlər yarana bilər, amma önəmlisi onların çözülməsi üçün səy göstərilməsidir, - Çavuşoğlu deyib. - ABŞ təhdid dilindən istifadə edir. Vaxtaşırı heyətlər gəlir, toplantılar keçirilir, amma toplantının ortasında və ya sonunda bir də görürük ki, təhdid dili işə salınır. Biz bunun əleyhinəyik".

"Qanun var, hər bir ölkənin hökmləri var, daxili qanunu var, beynəlxalq hüquq, müqavilələr var. Bütün problemlər bu çərçivədə qarşılıqlı olaraq həll edilə bilər, amma təhdid dilində danışmaqla yox", - Türkiyənin XİN başçısı vurğulayıb.

Çavuşoğlunun qeyd etdiyi kimi, o, bunu amerikalılara da deyib: "Belə görünür ki, siz bu problemləri çözmək istəmirsiniz, daxili siyasətinizə uyğun hərəkət edirsiniz, bu məsələlərdən seçkiniz üçün istifadə etmək və bu mövzunu seçkiyədək uzatmaq istəyirsiniz".

"ABŞ-da bir xaos var, yarım saat içində eyni idarədəki nazirdən və onun müavinlərindən fərqli şərhlər gəlir", - Türkiyənin Xarici İşlər naziri əlavə edib.