Putinə ad günü ilə bağlı təbriklərin arxasında duran onlayn botlar

Şəklin mənbəyi, Getty Images
- Müəllif, BBC Trending
- Vəzifə, Sosial media barədə
Oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putin-in 65 yaşı tamam olub. Onu onlayn təbrik edənlərin sayı əskik olmayıb.
Görəsən, onlardan nəçəsi real şəxslər olub?
"Ad gününüz mübarək, prezident" həştəqi həmin gün Rusiyada səhər saatlarından başlayaraq trendə çevrildi.
Həmin həştəq, güman olunduğuna görə, ilk dəfə aşağıdakı tvitlə yayılmağa başlanıb:

Şəklin mənbəyi, @vitischeg / Twitter
Həmin tvit 800 dəfədən çox paylaşılsa da, paylaşanların çoxunun rusdilli olmadığı güman edilir.
Onların arasında konkret şəxsin əvəzinə reklam xidmətlərinin olduğu, şəbəkədəki profilləri barədə məlumatların isə çoxsaylı səhvlərlə yazıldığı aşkarlanıb.
Bəzi təbriklərin mətni isə seksual məzmunlu olub.
Kimdir @vitischeg?
Şübhə doğuranlar arasında @vitischeg profili də olub.
Bu profil 2014-cü ildə yaradılıb, sentyabrın 20-dək yazılmış bütün tvitlər isə silinib.
BBC-nin araşdırmasına əsasən, həmin hesab, təxminən bir ay müddət ərzində aktiv olmayıb.
Səhifədəki məlumata görə, hesab sahibinin adı Viktor Petrov-Vodkin-dir.
Bu adda vaxtı ilə məşhur bir Sovet rəssamı olub.
BBC Monitoring tərəfindən Crimson Hexagon sosial media alətindən istifadə edilməklə aparılmış təhlil nəticəsində məlum olub ki, həmin hesabın sahibi əvvəllər özünü Viktor Vodkin-Petrov kimi şəbəkədə qələmə veribmiş.
Viktor adı və hesabın profil məlumatı hissəsində yerləşdirilmiş saqqallı və qaraeynəkli kişi fotosu, həmin hesab sahibinin kişi olduğunu güman etməyə əsas versə də, 16 sentyabr tarixində həmin hesabdan artıq silinmiş bir tvit qeydə alınmışdı.
Həmin tvitdə salat hazırlamağa çalışan qadının adından mətn yazılmışdı.
Bu, ilk dəfə deyil ki, @vitischeg profilindən Vladimir Putinin ad gününə təbrik yazısı yazılır.
Eyni hesabdan Putinə 2016-cı ildə də oxşar məzmun və tərtibatı olan təbrik tviti yayılmışdı, sadəcə, o zaman həştəq bir qədər fərqli idi: #PutinDay.
O zaman, Putinə təbrik trendini yaradan həmin həştəq barədə Kreml tərəfindən maliyyələşdirilən RT və Sputnik media şirkətləri xəbər vermişdi.
Nizamsız hərf və rəqəmlər
Bu il şəbəkələrdə Putini təbrik edən hesablar arasında daha birisi şübhə doğurub.
Belə ki, @YuryKuznetsov65 hesabından yazılan təbriki re-tvit edənlərin hamısı rusdilli olsa da, onların bot olduqlarını işarələyən əlamətlər var.
Onlardan çoxunun profil fotosu ümumisəciyyəlidir: fotoda loqo, landşaft və ya hansısa kinoqəhraman əks olunub.
Həmin profillərin və ya hesabların adı nizamsız düzülmüş hərf və rəqəm yığnağıdır ( @NK598489, @8202ed2f4f1441a, @gda070874, və ya @V13155800, ...).
@YuryKuznetsov65 hesabı isə tvit yaydıqdan cəmi bir gün əvvəl yaradılıbmış.
Lakin həmin hesabın sahibi iddia edib ki, bu profil @comradzampolit adlı digər bir profili əvəzləmək üçün yaradılıb.
@comradzampolit hesabı isə məşhur Kremlpərəst bir profildir, Twitter tərəfindən bu ilin əvvəlində bağlanıb.

Şəklin mənbəyi, @YuryKuznetsov65 / Twitter
"Şəxsiyyətə pərəstiş"
Atlantika Şurasından informasiya təhlükəsizliyi eksperti Ben Nimmo deyir ki, ad günü təbrikləri kampaniyası Kreml tərəfindən dəstəklənən yox, özəl xətlə aparılır.
"Botları seçmək çətindir, çünki onlar anonimlik arxasında gizlənir ", - Nimmo BBC Trending-ə deyib.
"Bu botnet [bot-lar toplumu - redaksiya] fəaliyyətinə bənzəyir. Bu, heç də demək deyil ki, bu sistem hökümət tərəfindən idarə olunur."
Onun fikrincə, qeyd olunan tvitləri yayan şəbəkələrdən bəziləri, onların bitkoinləri reklam etdiyi nəzərə alınsa, kommersiyaməqsədli birilərinə bənzəyir.
Putini təbrik edən tvitləri yayan şəbəkə üzvlərinin sayı böyük olmadığından, həmin təşəbbüsün, sadəcə, Putinin pərəstişkarlarına məxsus olduğu zənn edilir.
"Rusiyada Putin adı ətrafında şəxsiyyətə pərəstiş elementlərini görmək mümkündür. Gələn il Rusiyada prezident seçkiləri keçiriləcək. Ehtimala görə, Putin dördüncü müddətə namizədliyini irəli sürücək. 2012-ci ilin prezident seçkisi kampaniyasında ona qarşı, səslərin sayılması zamanı saxtalaşdırmaya qarşı güclü etiraz dalğazı müşahidə olundu. Görünür, bu dəfə Kreml həmin hadisələrin təkrarlanmasına yol verməmək istəyir".
"Bəzi rəsmi kanalların bu işdə əli olduğunu istisna edə bilmərik, lakin bu, daha çox, Putinin pərəstişkarlarının şəxsi təşəbbüsünə bənzəyir", - Ben Nimmo deyib.





