Rusiyanın “İran hərbi hava bazası tamaşası” qurtardı

Şəklin mənbəyi, Reuters
İran xəbər verir ki, Rusiya Suriyadakı hədəflərə zərbə endirmək məqsədilə İran hərbi hava bazasından istifadəni müvəqqəti olaraq dayandırıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi deyib ki, əməliyyat “indilik dayandırılıb” və təyyarələr “çıxıb gedib”.
Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Dehqan Rusiyanı ötən həftə keçirilmiş reydləri reklam etdiyinə və “tamaşa” nümayiş etdirdiyinə görə tənqid etmişdi.
Bu xəbərlə bağlı, Tehran kimi o da Suriya prezidenti Bəşər əl-Əsədin müttəfiqi olan Moskvadan hələki reaksiya səslənməyib.
Ötən çərşənbə axşamı Rusiyanın Müdafiə Nazirliyi elan etmişdi ki, onun uzaqmənzilli Tupolev-22M3 bombardmançı təyyarələri və Su-34 qırıcıları Suriyadakı “terrorçu” hədəflərə zərbə endirmək üçün İranın şərqində yerləşən İsfahan şəhərindəki Şahid Nojeh hərbi hava bazasından istifadə edib.
Bu hava reydləri Rusiya tərəfindən üçüncü ölkənin bazasından hava kampaniyası başlanandan bu yana son 1 ildə, İran torpağından isə İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq keçirdiyi hərbi əməliyyat olmuşdu.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Rusiya ilə “strateji” əməkdaşlığı tərif etmişdi. Lakin bir sıra millət vəkilləri şikayət edirdilər ki, bu, İslam Respublikasının Konstitusiyasını pozur, beləki İranın ana qanunu xarici hərbçilərin ölkə ərazisində yerləşməsini qadağan edir.
Bazar ertəsi dövlət televiziyasına müsahibəsində general Dehqan vurğulayıb ki, Rusiya Nojeh hava bazasından “çox qısa müddətdə və Suriya əməliyyatına uyğun limitlərdə” istifadə etməliydi.

Şəklin mənbəyi, EPA
General Dehqan “İran bu barədə heç bir xəbər vermədiyi halda Rusiya niyə bunu edib” sualına belə cavab verib:
"Ruslar Suriyanın siyasi gələcəyində öz yerlərini təsdiqləmək məqsədilə özlərini supergüc kimi göstərməkdə maraqlıdırlar. Əlbəttə, burada bir az “ədabazlıq” da olub və bir az da “qeyri-alicənab” davranılıb”.
General Dehqan deyib ki, Rusiya “əməliyyatlarının sürət və dəqiqiliyini artırmaq məqsədilə daha çox təyyarə gətirməyi qət etmişdi”.

Şəklin mənbəyi, AFP
"Bu səbəbdən də onlar təyyarələrə yanacağı əməliyyat ərazisinə yaxın yerdə doldurmalı idilər. Nojeh bazasından da buna görə istifadə etmişdilər. Amma biz onlara qəti şəkildə hərbi baza verməmişik”.
Bu müsahibədən az sonra cənab Qasemi Rusiyanın İrandakı dislokasiyasının başa çatdığını elan edib.

Şəklin mənbəyi, AFP
"Bu çox spesifik, icazəli bir missiya idi və artıq başa çatdı. Onlar bu əməliyyatı keçirdilər və getdilər” – deyib sözçü.
O əlavə edib ki, gələcəkdə İran bazasından istifadə “regiondakı vəziyyətdən asılı olacaq”.
Suriya prezidentinə qarşı müxalifəti dəstəkləyən ABŞ bildirmişdi ki, Rusiyanın İran bazasından istifadəsi “təəssüf doğuran, lakin təəccüb doğurmayan” hərəkət idi.




