Ayağına ülgüc bərkidilən döyüş xoruzunun vurduğu kişi iflicdən ölüb

Şəklin mənbəyi, Getty Images
Hindistanda xoruz döyüşü üçün ayağına ülgüc bağlanmış quş 50 yaşlı kişiyə endirdiyi zərbələrdən sonra o, iflic keçirərkən ölüb.
Hadisə yanvarın 15-də Andhra Pradeş ştatındakı Praqadavaram kəndində baş verib.
Yerli polis məmuru Kranti Kumarın sözlərinə görə, hadisə nəticəsində üç uşaq atası olan Saripalli Venkateşvara Rao vəfat edib. Məlumata görə, döyüşə aparmaq üçün kişinin əlinə aldığı xoruz ayağındakı ülgüclərlə zərbələr endirməyə başlayıb.
Daha sonra iflic keçirən kişinin xəstəxanada öldüyü xəbər verilir.
Polis hadisəni araşdırır. İşlə bağlı saxlanılma və ya həbs barədə xəbər verilmir.
Qadağaya əməl edilmir
1960-cı ildə Ali Məhkəmənin qərarı ilə xoruz döyüşləri qanundan kənar elan olunub.
Qadağaya baxmayaraq, iri məbləğdə pul cəlb edən döyüşlər hələ də geniş yayılıb. Bəziləri bunu qədim ənənə ilə izah edirlər. Lakin heyvan hüquqlarının müdafiəsi üzrə "İnsanlar Heyvanlar üçün" təşkilatının rəhbəri əsl məqsədin pulla bağlı olduğunu deyir.
"Xoruz döyüşlərinin ənənə ilə heç bir əlaqəsi yoxdur, - Qauri Maulexinin sözləri mətbuatda iqtibas olunur. - Bu isteriyanın hökm sürdüyü qumar işidir".
Qanunsuz yarış təşkilatçıları xoruzları döyüşə çıxarmazdan əvvəl onların ayaqlarına ülgüc bərkidirlər. Daha sonra quşlar arenaya çıxarılır və rəqabət quşlardan biri ölənədək davam etdirilir.
Xoruzların güclü olması üçün onlara bəzən əzələ kütləsini böyüdən steroid tərkibli yemlər verilir.
Həmçinin oxuyun:









