Bakı zooparkında nə var, nə yox?
Tbilisidə ötən ay baş verən güclü daşqınlardan sonra, Gürcüstan paytaxtında zoopark dağıldı, heyvanların bir çoxu qaçdıqdan sonra təhlükəsizləşdirilmək məqsədilə öldürüldü. Digərləri isə zooparka qaytarıldı.
Ekologiya mütəxəssisləri deyir ki, Bakının coğrafi mövqeyi belə bir daşqının baş verməsinə və zooparkın təhlükə altına düşməsinə imkan verməz.
Bəs Bakı Zooloji Parkınının özündə nə var, nə yox? BBC Azərbaycanca müxbirləri Xanım Cavadova və Günel Səfər ora baş çəkib.
168 növ heyvan, quş, sürünən və balıqları nümayiş etdirən Bakı Zooloji Parkının ərazisi 2.5 hektardır, əlavə olaraq isə zooparkın hələlik istifadə edilməyən 2 hektarlıq ərazisi də var.
Bakı Zooloji Parkının direktoru Azər Hüseynov deyir ki, gələcəkdə zooparka 55 hektar ərazi verilə bilər.
Belə olan təqdirdə isə, Azərbaycana yeni növ heyvanlar gətirilə bilər.
Park 1942-ci ildə yaradılıb, lakin 1928-ci ildə Bakıda hazırkı Nizami parkında heyvanat guşəsi fəaliyyət göstərib.
