Britaniya mətbuatı: Türkiyədə cinsi təcavüzə görə “axtalama cəzası” suallar doğurub

Şəklin mənbəyi, Getty
“The Guardian” yazır ki, qadın haqları qrupları, hüquqşünaslar və həkimlər Türkiyədə cinsi təcavüz törədənlərin icbari qaydada kimyəvi axtalanması barədə qərarın qəbul edilməsini pisləyiblər. Onlar iddia edirlər ki, bu cəzanın tətbiqi qadınlara qarşı geniş yayılmış zorakılığın köklərinə yönəlməyib və əksinə, bədən xəsarəti ilə görülən bu tədbir belə cinayətlərin artmasına yol açacaq. Qadın Həmrəylik Fondu (Kadav) təşkilatının direktoru Özgül Kaptan iyulun 26-dan qüvvəyə minmiş bu qanunun fövqəladə vəziyyət şəraitində qəbulunu kəskin tənqid edib. “Bu çox pis və təhlükəli qərardır, - deyib Kaptan, - Qanun seksual təcavüz və zorlama kimi cinayətləri, fərdləri və onların sağlamlığını hədəfləməklə həll etməyi nəzərdə tutur, halbuki Türkiyədə belə cinayətlərin və qadınlara qarşı zorakılığın geniş yayılmasının səbəblərinə toxunmur”.
Təcavüz tərbiyədən gəlir
Xanım Kaptan deyir ki, Türkiyə cəmiyyətində kişilər qadınlar üzərində üstünlüyə malik olduqları barədə ictimai mandatla tərbiyə edilirlər. Onun fikrincə, bu sahədə münasibətin dəyişdirilməsinə və gender bərabərliyi prinsipinin təhsil sisteminə gətirilməsinə ehtiyac var. “The Guardian” yazır ki, Türkiyədə qadınlara qarşı zorakılığa dair dəqiq rəqəmləri əldə etmək çətindir, lakin müəyyən məlumatlar var. Məsələn, müstəqil Bianet mətbuat təşkilatının məlumatına görə 2015-ci ildə Türkiyədə 284 qadın qətlə yetirilib. Bu qətllərin 77 faizində qatil qadının əri, kişi yoldaşı və ya kişi qohumu olub. Həmin dövr ərzində azı 133 qadın zorlanıb. Bunların 42 faizi 18 yaşınadək qızlardır.
Fiziki və kimyəvi axtalama

Şəklin mənbəyi, AFP
Məqalədə deyilir ki, kimyəvi axtalama və ya kastrasiya seksual şəhvəti azaldan dərman preparatlarının vurulmasını nəzərdə tutur. Fiziki kastrasiya, yəni axtalamadan fərqli olaraq kimyəvi kastrasiyada prosesin geriyə döndərilməsi mümkündür. Buna baxmayaraq, səhiyyə ekspertləri bildirirlər ki, şəhvət azaldan dərmanlar qan-damar və sümük xəstəliklərinin yaranmasına və inkişafına təkan verə bilər. Türkiyədən başqa Polşa, Rusiya, İndoneziya və ABŞ-ın bir neçə ştatı da daxil bir neçə ölkədə icbari kastrasiya qanunidir. Türkiyədə məhz məcburi kastrasiya nəzərdə tutulur və bu tədbirin tətbiqi üçün məhkəmə qərar verir. Xanım Kaptan bildirir ki, məcburi kastrasiya qeyri-humanist cəzadır və ölüm cəzası qədər ağır cəza hesab olunmalıdır. “The Guardian” yazır ki, bu qanunun çevriliş cəhdinin ardınca elan edilmiş 3 aylıq fövqəladə vəziyyət şəraitində qəbul olunması xüsusilə narahatlıq doğurur.
Təşəbbüs AKP xanımlarından gəlib
Məqalədə deyilir ki, məcburi axtalama hələ 2011-ci ildə hakim AKP partiyasından olan qadın millət vəkilləri tərəfindən təklif edilmişdi. Bəzi hüquqşünaslar isə bildirirlər ki, axtalama bu cəzaya məruz qalanlardan bəzilərinin qisasa əl atması ilə nəticələnə bilər. Vəkil Canan Arın deyir ki, seksual təcavüz yalnız kişinin cinsi əzaları ilə törədilmir və Türkiyədə qadın-kişi münasibətlərinin özü kökündən yanlışdır, problemin həllinə buradan başlamaq lazım idi. “The Guardian” yazır ki, Türkiyədə indilik məsələnin həllinə məhz buradan başlanacağı ağlabatan deyil, çünki qadın və kişilərin təbiət qanunları ilə bərabər olmadıqlarını prezident Recep Tayyip Erdoğanın özü bəyan edib. Vəkillər deyirlər ki, Türkiyədə seksual cinayətləri törədənlərin cəzaları bir qayda olaraq “həbsxanada yaxşı davranış” adı ilə azaldılır.
Avstriya və İsveç də Türkiyəni qəzəbləndirib
“The Daily Mail” qəzeti yazır ki, Ankara, Türkiyə Konstitusiya Məhkləməsinin uşaqlara qarşı seksual təcavüzə dair hökmü ilə bağlı Avstriya və İsveçdə yazılmış bəzi bildiriş və tvitlərə etirazını bildirmək üçün bu ölkələrin səfirlərini Xarici İşlər Nazirliyinə dəvət edib. Türkiyə Avstriyanın Vyana hava limanındakı televiziya montorlarında bildiriş lentində Türkiyədə 15 yaşlı uşaqlarla cinsi əlaqəyə icazə verildiyi barədə məlumata etirazını bildirib. Xarici işlər naziri Mevlüt Çavuşoğlu həmçinin isveçli həmkarını Türkiyə barəsində yalan məlumatlar yaymaqda ittiham edib. Bundan əvvəl İsveçin xarici işlər naziri Margot Wallstrom Tvitter hesabından Ankaranı uşaqların müdafiəsinə çağırmışdı. Həmkarının bu çağırışını Çavuşoğlu Avropada antitürk, antiislam əhval-ruhiyyəsinin yaradılması cəhdi adlandırıb.
4 və 15 yaşlı ilə seksin fərqi
“The Daily Mail” yazır ki, ötən ay Türkiyənin Konstitusiya Məhkəməsi uşaqlara qarşı bütün seksual hərəkətləri cinayət adlandıran maddəni ölkənin Cinayət Məcəlləsindən çıxarmaq barədə hökm verib. Məhkəmədə bu maddənin CM-dən çıxarılmasının leyhinə 7, əleyhinə 6 hakim səs verib. Türkiyə ədliyyəsi izah edir ki, 4 yaşında uşağa qarşı seksual təcavüzü 15 yaşlı qızla onun razılığı əsasında sekslə eyniləşdirmək olmaz. Konstitusiya Məhkəməsi bu qanun dəyişikliyinin qəbulu və ya rədd edilməsi üçün parlamentə 6 ay vaxt verib, lakin uşaq haqları vəkilləri deyirlər ki, şikayəti Avropa Məhkəməsinə dərhal göndərəcəklər. Xanım Wallstrom-un “15 yaşlı qızlarla” bağlı tviti də məhz bu mənada yazılmışdı.
Vyana aeroportunda siyasət
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, hökumət özünün uşaqların müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərinin fərqindədir və Ədliyyə Nazirliyi hazırda bu məsələ ilə məşğuldur. Avstriya rəsmiləri bildiriblər ki, Türkiyənin narahatlığına səbəb olan bildiriş Vyana hava limanındakı televiziya monitorlarından çıxarılıb. Türkiyə ötən həftə Vyana aeroportunun monitorlarındakı başqa bir bildirişin çıxarılmasını tələb etmişdi. Bu bildirişdə deyilirdi ki, Türkiyəyə səfər etmək Erdoğana dəstək vermək kimidir. “The Daily Mail” yazır ki, Ankaranı Avstriyanın son günlərdə verdiyi bəyanatlar qəzəbləndirib. Ölkənin prezidenti və vitse-prezidenti Avropa İttifaqını Türkiyə ilə üzvlük danışıqlarını dayandırmağa çağırmışdı.
Neftin qiymətini Moskva və Riyaddan gələn xəbərlər qaldırır

Şəklin mənbəyi, Reuters
“The Daily Telegraph” yazır ki, Rusiyanın Səudiyyə Ərəbistanı ilə neft qiymətlərinə dair razılığa gələ biləcəkləri barədə xəbər xammalın qiymətini son ayda ən yüksək həddinə çatdırıb. Qəzetin neft yazarı Jillian Ambrose qeyd edir ki, bazarlar Rusiya ilə OPEC arasında gələn ay neft hasilatına dair razılıq əldə oluna biləcəyi xəbərinə belə reaksiya verib. Məqalədə deyilir ki, Brent markasından olan neftin bir barreli ayın əvvəlindən 10 faiz artaraq bir barrel üçün 46, 61 dollar olub, hərçənd bu, 2016-cı il üçün ən yüksək həddən - 52, 50 dollardan hələ xeyli aşağıdır.
Rus nazirin bir sözü
“The Telegraph” yazır ki, neft qiymətlərini qaldıran bu dəfə də dünya neftinin 40 faizini ixrac edən ölkələrin OPEC kartelinin hasilatı azaltmaq barədə razılığa gələ biləcəyinə dair xəbərlərdir. OPEC üzvləri gələn ay Əlcəzairdə görüşməlidirlər. Onların ötən il eyni məqsədlə Dohada keçirilən yığıncağı nəticəsiz başa çatmışdı. Lakin belə görünür ki, bu dəfə xəbərlərin bir az da inandırıcı səslənməsinə və bununla da qiymət qalxımına Rusiyadan gələn xəbərlər kömək edib. Rusiyanın enerji naziri Aleksandr Novak Səudiyyənin Əş-Şərq əl-Avsat qəzetinə deyib ki, onun dünyanın üçüncü neft istehsalçısı olan ölkəsi danışıqların ilkin mərhələsində iştirak edib.
Köhnə hava

Şəklin mənbəyi,
“The Telegraph” yazır ki, ötən həftə Səudiyyənin enerji naziri Xalid bin Əbdülzəiz əl-Falih demişdi ki, OPEC qeyri-OPEC ölkələri ilə neft qiymətlərinin stabilləşdirilməsi barədə danışıqlar aparacaq. Məqalədə deyilir ki, elə tək bu bəyanat neftin qiymətini dərhal 5 faiz artırmışdı. Nazir bunu da demişdi ki, bazarın yenidən balanslaşdırılması davam edir və seçilmiş istiqamət düzgündür. Lakin “The Telegraph” yazır ki, vəziyyət nazirin dediyi qədər də ümidverici olmaya bilər. Yanvar ayında neftin qiyməti 12 ildə ən aşağı həddi olan 28 dollardan qalxmağa başlasa da, iyul ayında bazarın hələ də izafi neftlə dolu olması narahatlıq yaratmışdı. O vaxt qiymətlər 41, 66 dollara enmişdi. Saxo Bankdan təhlilçi Ole Hansen “The Telegraph” qəzetinə deyib ki, aprel ayında OPEC üzvləri səudiların təhriki ilə hasilatı olduğu kimi saxlayanda ümid edirdilər ki, neft qiymətinin 30 dollardan 43 dollara qalxması yalnız başlanğıcdır, lakin indi qiymətlər 53 dollardan 44, 5 dollara düşəndə, biz yenə də “yenidən balanslaşdrıma” söhbətini eşidirik”.




