Kabul: partlayışı İD "törədib"

Şəklin mənbəyi, epa

Əfqanıstan paytaxtı Kabulda etiraz nümayişi zamanı baş vermiş partlayışa görə məsuliyyəti özünü İslam Dövləti adlandıran qrup boynuna götürüb.

Bu partlayış zamanı azı 61 nəfər ölüb, 200-dən çox insan yaralanıb, rəsmilər deyir.

İD-ə bağlı Amaq xəbər agentliyi bildirib ki, "intiharçı kəmər geyinmiş" iki döyüşçü "şiələrin yığıncağında" özlərini partladıb.

Etnik azlıq hesab edilən minlərlə həzara Deh Mazang meydanında çəkilməsi planlaşdırılan yeni elektrik xəttinə etiraz edirdi.

Onlar bu xətlərin əsas hissəsinin həzaralılar yaşadığı ərazidən keçməsini istəmirlər.

Şəklin mənbəyi, AFP

Partlayışların səbəbi hələlik məlum deyil, hərçənd ki Tolo xəbər agentliyi təsdiqlənməmiş məlumatlara görə hadisəni intiharçı bombaçının törətdiyini açıqlayıb.

Partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Talibanın sözçüsü Zəbiullah Mücahid mediaya e-mail yazaraq hücumu pisləyib və bunun Talibanın hərəkəti olmadığını bildirib.

Əfqanıstan prezidenti Əşrəf Ğani "dərindən kədərləndiyini" bildirib.

"Sülh etirazları hər bir vətəndaşın haqqıdır, lakin fürsətçi terrorçular kütləyə qarışaraq hücuma keçiblər, təhlükəsizlik işçiləri də daxil olmaqla onlarla sakini öldürüb və yaralayıblar."

Şəklin mənbəyi, Hakim Mozaher

BBC Əfqanca xidməti ilə əməkdaşlıq edən bir jurnalist deyib ki, hər yerdə qan axır və dağıntılar altında bədən hissələri görünür.

Nümayişçilər Türkmənistandan Kabula çəkiləcək 500 kv gücündə elektrik ötürücü xəttin Bamyan və Vardak vilayətlərinən keçməsinə etiraz edərək əllərində "diskriminasiyaya ölüm" yazılan şüarlar tutublar.

Bu nümayişə görə şəhər mərkəzinin böyük hissəsi bağlı idi.