Britaniya Aİ-dən çıxsınmı - Putin nə düşünür?

Prezident Putin Ukrayna məsələsi üstündə Aİ ilə çəkişməkdədir
Şəklin alt yazısı, Prezident Putin Ukrayna məsələsi üstündə Aİ ilə çəkişməkdədir
    • Müəllif, Steven Rosenberg
    • Vəzifə, BBC News, Moskva

Brexit (Britaniyanın Avropa İttifaqından çıxmasının qısaldılmış ifadəsi) haqqında fikir söyləmək üçün britaniyalı olmaq mütləq deyil.

Son bir neçə həftədə bir sıra dünya liderləri Britaniyanın Aİ-dən çıxması barədə öz fikirlərini söyləyiblər. Onların əksəriyyəti Britaniyanın Aİ-də qalmasını dəstəkləyib.

"Əgər sizə yaxın olan, sizinlə xüsusi münasibətləri olan ölkələr sizə məsləhət görürlərsə ki, Avropada qalmaq sizin xeyirinizə olacaq, onda buna diqqət verməyə dəyər", ABŞ prezidenti Barack Obama deyib.

"Birləşmiş Krallığın Avropaya, Avropanın isə Birləşmiş Krallığa ehtiyacı var", Avropa Şurasının prezidenti Donald Tusk deyib.

Bəs Rusiya prezidenti Vladimir Putin Brexit haqqında nə deyib?

Heç bir şey. Kreml bu məsələyə dair heç nə demir.

Amma bu, Rusiyanın Brexit debatlarına cəlb olunmasından sığortalamır.

Baş nazir David Cameron bu yaxınlarda deyib ki, Britaniyanın Aİ-ni tərk etməsi Putini "xoşbəxt edərdi".

Britaniya Xarici İşlər naziri Philip Hammond daha açıq danışıb: "Həqiqəti desək, bizim Aİ-dən çıxmağımızı arzulayan yeganə ölkə Rusiyadır".

Bu qəbildən olan bəyanatlar Rusiya rəsmilərinin təəcübbünə səbəb olur.

"Hər şeyə görə Rusiyanı təqsirli sayırlar", Rusiya XİN sözçüsü Mariya Zaxarova mənə bildirib.

"Rusiyanın Brexit ilə heç bir əlaqəsi yoxdur. Bizim bu məsələdə heç bir marağımız yoxdur".

"İtkisiz oyun"

Rusiyanın həqiqətən də, bu işlə əlaqəsi yoxdur, axı, səs verən rusiyalı seçicilər deyil.

Amma "bu məsələyə marağ göstərilməməsi" inandırıcı görünmür.

Brexit hərəkatının liderlərindən biri Nigel Farage prezident Putinin pərəstişkarıdır və Aİ-in Ukrayna ilə bağlı siyasətini pisləyir.
Şəklin alt yazısı, Brexit hərəkatının liderlərindən biri Nigel Farage prezident Putinin pərəstişkarıdır və Aİ-in Ukrayna ilə bağlı siyasətini pisləyir.

"Brexit alınsa, Aİ-də böhran yaransa, bu, yerli təbliğat üçün qələbə sayılacaq", Moskva Ali İqtisadiyyat Məktəbinin professoru Sergey Medvedev hesab edir.

Onun qənaətincə, Kremlin məntiqi sadədir: Brexit = daha zəif Aİ = daha güclü Rusiya.

"Moskva üçün bu, sıfır nəticəli oyundur," professor Medvedev deyir.

"Aİ üçün pis sayılan hər şey Rusiya üçün yaxşıdır".

Bu geosiyasi "oyunun" bir hissəsi kimi Moskva Aİ-nin Yunanıstan, Avstriya, Macarıstan və Slovakiya kimi dövlətlərini özünə "dost" sayır və onlarla ikitərəfli əlaqələrini inkişaf etdirir.

Məqsədlərdən biri Aİ-nin Rusiyaya qarşı sanskiyalar məsələsində vahid mövqeyini pozmaqdan ibarətdir.

Hətta Moskvaya qarşı sərt mövgedən çıxış edən Aİ ölkələri arasında da Kreml dost tapmağa çalışır.

Bu ilin əvvəlində Putin Almaniya kansleri Angela Merkelin sərt tənqidçisi Bavariya lideri Horst Seehofer-i qəbul edib.

Ona dəvət klassik taktikaya uyğun edilib.

Fevral ayında Putin Merkelin sərt tənqidçisi olan Bavariya lideri Horst Seehofer-i qəbul edib.
Şəklin alt yazısı, Fevral ayında Putin Merkelin sərt tənqidçisi olan Bavariya lideri Horst Seehofer-i qəbul edib.

Bəzi Qərb hökümətləri Kremli Avropanın millətçi partiyalarını dəstəkləməklə Aİ-də nifaq salmaq niyyətində ittiham edir.

Aİ "dərin böhran içində"

"Aİ daha dərin böhrana düşsə, sözün düzü, Rusiya buna görə kədərlənməyəcək, amma biz bunun üçün səy göstərmirik", Rusiya Beynəlxalq Münasibətlərdə jurnalının baş redaktoru Fyodor Lukyanov deyir.

"Avropa İttifaqı dərin konseptual böhran içindədir. Anti-Avropa və ksenofob qüvvələrin yüksəlməsi Moskvanın dəstəyinə görə baş vermir. Bunun səbəbi Avropa İttifaqının daxilindəki ziddiyyətlərdir".

Sanksiyalarla yanaşı Rusiyanı Aİ ilə bağlı qəzəbləndirən daha bir amil var: Moskva bu qurumu Rusiyanı sıxışdırıb kənara atmaq məqsədilə yaradılmış bir klub sayır.

Britaniya qırıcıları Rusiyanın bombardmançı təyyarələrinin Şimal dənizi üzərindən uçuşlarını izləyir.
Şəklin alt yazısı, Britaniya qırıcıları Rusiyanın bombardmançı təyyarələrinin Şimal dənizi üzərindən uçuşlarını izləyir.

Bu ilin əvvəlində mən Moskvada Rusiya senatorları ilə Avropa siyasətçiləri arasında keçirlən görüşü müşahidə etmişəm.

Rusiya parlamentinin yuxarı palatasının xarici əlaqələr komitəsinin başçısı Konstantin Kosaçov çıxışında qeyd etdi ki, Soyuq Müharibənin sona yetməsini rəsmiləşdirmiş 1990-cu ilin Paris Xartiyası Aİ və Nato tərəfindən pozulub.

"Həmin sənəddə Avropanın və dünyanın gələcəyini müəyyən edən təşkilatlara istinad edilib - BMT, ATƏT və Avropa Şurasına. Orada NATO-nun adı ümumiyyətlə çəkilməyib. Aİ-in isə adı bircə dəfə yalnız iqtisadi bölümdə çəkilib", Kosaçov deyib.

"O zaman güman olunurdu ki, Avropanın gələcəyini milli hökümətlər müəyyən edəcək. Lakin NATO və Aİ Avropanı bərabər ölkələrin qurumu kimi görmək görmək istəmirlər".

Amma Kosaçov qeyd etməyi unudub ki, Paris xartiyasından bir il sonra Sovet İttifaqı dağıldı və Avropanın siması dəyişdi.

Avropa İttifaqının özü yalnız 1993-cü ildə təsis olunub, Avropa İqtisadi Birliyini əvəz edən strutur kimi.

Aİ-Rusiya münasibətlərinin ilıq dövründə, Moskva Brüsseli nadir hallarda Paris xartiyasının pozulmasında ittiham edərdi.

Hətta Brexit Aİ-ni zəiflətsə belə, Moskva bilir ki, Brüssellə münasibətlərə ehtiyacı olacaq.

"Hətta zəifləsə belə, Avropa İttifaqı ittifaq olmaqda qalacaq", - Fyodor Lukyanov deyir.

"Rusiya üçün ayrı-ayrılıqda ölkələrlə iş görmək daha asan olardı, xüsusilə də Aİ-nin böyük dövlətlərilə. Lakin mən düşünmürəm ki, Moskvada bunun mümkün olacağına inanan olsun".