Tutanxamunun xəncəri meteorit dəmirindən hazırlanıbmış

Misir fironu Tutanxamunun mumiyası ilə eyni tabutda tapılmış xəncər meteoritdən düşən dəmirdən hazırlanıbmış, tədqiqatçılar deyir.
Bu silah britaniyalı arxeoloq Howard Carter-in 1925-ci ildə yeniyetmə kralın mumiyası ilə birlikdə aşkar etdiyi iki xəncərdən biridir.
Xəncərin hazırlandığı dəmirin mənbəyi tarixçiləri uzun illər məşğul edib - belə bir metal işi qədim Misir üçün nadir sayılır.
Tutanxamun 3300 il əvvəl mumiyalaşdırılıb.

İtalyan və Misir alimləri dəmirin tərkibini araşdırmaq üçün "aşındırmayan X şüası texnikasından" istifadə ediblər.
Alimlər deyir ki, nikel və kobaltla yanaşı dəmir tərkib "Yer Kürəsindən xaricdə olan mənbəyə dəlalət edir".
Onlar xəncərin tərkibini Misirin Qırmızı Dəniz sahilləri yaxınlığında tapılmış meteoritlərin tərkibilə müqayisə edərək aşkarlaylblar ki, onlardan biri - İskəndəriyyə şəhərinin 240 kilometr yaxınlığına düşən meteorit bənzər səviyyədə nikel və kobalt tərkiblidir.
Qədim misirlilər meteorit dəmirinə böyük əhəmiyyət verərlərmiş və ondan mərasim və ya bəzək əşyaları hazırlayarlarmış.




