Alpinistlər hündürlük xəstəliyindən vəfat edib

Hindistanlı alpinist Everest zirvəsində vəfat edib.

Bu, son dörd gündə dağda baş vermiş üçüncü hadisədir.

Subhash Paul bazar günü zirvəyə çatıb, bir gün sonra isə şerpa (Nepal və Tibet arasında yaşayan dağçılıqla məşğul olan himalaylılar) bələdçilərinin köməyilə aşağıya endikdən sonra ölüb.

Həftə sonu həmçinin hollandiyalı kişi və avstraliyalı qadın alpinistlər də hündürlük xəstəliyindən vəfat edib.

Son günlərdə Himalayda 30-a yaxın alpinist donvurma və digər səbəblərlə xəstələnib.

Hazırda bu bölgədə bahar dağçılıq mövsumi davam edir.

Cənab Paulla birgə dağa qalxmış iki digər hindistanlı alpinist də zirvənin "ölüm zonası"nda yoxa çıxıb.

Hərçənd cümə günü bir qadın alpinist zirvəyə 7-ci dəfə qalxmaqla uğur qazanıb.

Hündürlük xəstəliyi nədir?

Kəskin dağ xəstəliyi kimi tanınan hündürlük xəstəliyi hündürlükdə oksigen çatışmazlığı səbəbilə yaranır.

Bir çox hallarda başağrı, bulantı və gicəllənmə yaradan bu xəstəlik bəzən ağciyərlərin və beynin maye ilə dolmasına səbəb olur.

Xəstəlik 2500 metrdən yuxarı hündürlükdə olan hamıda yarana bilər. Lakin tibetlilər deyir ki, onların yüksəklik xəstəliyinə qarşı genləri mövcuddur.

Belə xəstəliyi olanlara təcili aşağıya enmək və oksigen balonlarından istifadə etmək məsləhət görülür.

Bu, Himalayda son iki ildə ilk dağçılıq mövsümüdür.

2014-cü ildə 16 bələdçi qar uçqunun altında qalıb. Bundan sonra baş vermiş etirazlar nəticəsində dağçılıq mövsümünə vaxtından öncə son verilib.

Keçən il Nepalda baş vermiş zəlzələ isə dağlarda 18 nəfərin ölümünə səbəb olub.

İndiki dağçılıq mövsümü mayın 11-dən başlayıb və 400-ə yaxın alpinist zərvəyə çata bilib.