Qazaxıstan “antietiraz nazirliyi” yaradır

Prezident Nursultan Nazarbayev deyib ki, yeni nazirlik xalq və hökumət arasında dialoq təşkil edəcək.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Prezident Nursultan Nazarbayev deyib ki, yeni nazirlik xalq və hökumət arasında dialoq təşkil edəcək.

BBC Monitoring yazır ki, Qazaxıstan hökuməti hakimiyyəti silkələmiş torpaq islahatı etirazlarının ardınca ictimaiyyətin əhval-ruhiyyəsini öyrənəcək yeni informasiya nazirliyi yaradıb.

İnformasiya və Kommunikasiya Nazirliyi sosial media da daxil mətbuatı sıx izləyəcək və iqtisadi durğunluq dövründə ictimaiyyətin əhval-ruhiyyəsi barədə hökuməti məlumatlandıracaq.

Hakimiyyət bu qənaətdədir ki, bu, onlara hər hansı gələcək kütləvi etirazları önləməkdə kömək edəcək. Lakin müxalifət və müstəqil jurnalistlər, xüsusilə də sosial media sahəsində monitorinqin son nəticədə senzuraya çevriləcəyindən narahatdırlar, beləki son etirazların təşkilində sosial media xüsusi rol oynayıb.

Nə baş verib?

Ötən həftə belə bir nazirliyin yaradılması ilə bağlı məlumat verən prezident Nursultan Nazarbayev deyib ki, qurum xalq və hökumət arasında dialoq təşkil edəcək. O yeni nazirliyin rəhbərliyinə özünün 37 yaşlı mətbuat katibi Dauren Abayevi təyin edib.

Təhlilçilər bildirirlər ki, bu təyinat hökumət mesajlarının cəmiyyətə çatdırılmasına indi nə dərəcədə böyük əhəmiyyət verdiyini göstərir, çünki əvvəllər media siyasəti yalnız İnvestisiyalar və İnkişaf Nazirliyinin bir departamenti səviyyəsində aparılırdı.

Bunlar niyə baş verib?

Ötən aprelin son həftəsi və mayın ilk günlərində Qazaxıstanda son 5 ilin ən böyük etirazları baş vermiş, əkinəyararlı torpaqların əcnəbilərə satılması planlarından narazı olan minlərlə insan bir neçə şəhərin küçələrinə çıxmışdı.

Nazarbayev belə planların mövcudluğunu inkar etmiş və torpaq islahatı barədə yanlış məlumat verən rəsmiləri cəzalandırmış, lakin eyni zamanda ziddiyyətli islahatların hələlik dayandırıldığını elan etmişdi.

Bır çox adam ehtiyyat edir ki, torpaqlar çinlilərin əlinə keçəcək.
Şəklin alt yazısı, Bır çox adam ehtiyyat edir ki, torpaqlar çinlilərin əlinə keçəcək.

Müxalifət etirazların kortəbii olduğunu, etirazçıların bir-birilə mobil telefon aplikasiyaları vasitəsilə əlaqə saxladıqlarını bildirmişdi.

Bu ona görə baş vermişdi ki, ənənəvi mətbuatın hökumət tərəfindən güclü nəzarət altında saxlanması, sosial media və bloqları ifadə azadlığı üçün yeganə mümkün platforma edib.

Nə kimi reaksiyalar olub?

Bəzi jurnalistlər düşünürlər ki, nazirliyin məqsədi etirazları önləmək olacaq. Onlar deyirlər ki, ictimai narazılıq xalqla hökumət arasında təmasların azlığından yox, həyat səviyyəsinin enməsindən baş verir.

"Böyük çölləri olan ölkəni tərif edən ibarələrə, vətənpərvər qanunların qəbul edilməsinə, uzunmüddətli proqramlara heç kimin ehtiyacı yoxdur. Adamlar sadəcə olaraq bu gün və burada normal yaşamaq istəyirlər, daha hansısa “parlaq” gələcəkdə yox” – yazır müxalif Respublika qəzeti.

Məqalədə deyilir ki, “yeni təşviqat naziri” Abayev heç nəyi dəyişə bilməyəcək.

Müxalifət etirazların kortəbii olduğunu bildirmişdi.
Şəklin alt yazısı, Müxalifət etirazların kortəbii olduğunu bildirmişdi.

Jurnalist Yevgeny Şibarşin bildirir ki, son dərəcə avtoritar olan hakimiyyət xalqla dialoq qura bilməz. “İnformasiya nazirliyinin hakimiyyətin genetik kodunu dəyişəcəyinə inanmaq, “məzlum eşşəyin köhlən at doğacağına inanmaq kimidir”.

Daha sonra nə olacaq?

İnsan haqları fəalları inanırlar ki, yeni nazirliyin işindən məqsəd sosial medialara nəzarət olacaq.

Tamara Kalyayeva Azadlıq Radiosunun Qazax xidmətinə deyib ki, innən belə hökumət internetdə “təxribatçı” ovuna çıxacaq və sosial media şəbəkələrinə senzura tətbiq ediləcək.

Bu arada Qazaxıstanın rəsmi mətbuatı internetə dövlət nəzarətinin nə üçün zəruri olduğu barədə izahedici materiallar dərc etməyə başlayıb.

Məsələn, Qazaxıstan televiziyası 1-ci kanalının Avrasiya xəbərləri proqramında aparıcı belə deyirdi: “Siz doğrudanmı parallel virtual dünyada sizin üçün fəlakətli sürpriz hazırlayan birisinin olmasını istəyirsiniz? Məncə yox. Elə isə bizə informasiya məkanını qorumaq lazımdır”.