Fidel Castro Obamanın Kuba səfərindən narazı qalıb

Fidel Castro cənab Obamanın barışığa çağıran sözlərini “şit” adlandırıb
Şəklin alt yazısı, Fidel Castro cənab Obamanın barışığa çağıran sözlərini “şit” adlandırıb

Fidel Castro nəhayət ki, ABŞ prezidenti Barack Obamanın Kubaya səfəri barədə sükutunu pozaraq Granma dövlət qəzetində məktub dərc etdirib.

On il bundan əvvəl hakimiyyəti qardaşı Raula ötürmüş Fidel yazır ki, Kubanın “imperiya”nın hədiyyələrinə ehtiyacı yoxdur.

O, cənab Obamanın barışığa çağıran sözlərini “şit” adlandırıb və xəbərdarlıq edib ki, bu sözlərdən kubalıları infarkt vura bilər.

ABŞ prezidenti Amerika qitəsində Soyuq müharibənin qalıqlarını birdəfəlik basdırmağa çağırmışdı.

Özünün 1500 sözlük məktubunda Fidel oxucuların yadına Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılmış silahlı dəstənin 1961-ci ildə Donuzlar körfəzinə hücumunu və onların adanı zəbt etmək niyyətini salır.

Bununla yanaşı, 89 yaşlı keçmiş lider yazır ki, “insafən Obama heç olmasa Kuba siyasəti barədə nəzəriyyələr qurmağa çalışmayıb”.

Səfəri zamanı cənab Obama Havanadakı Böyük Teatrdan televiziya ilə yayımlanmış misilsiz müraciətində Kuba üçün “gələcək ümidindən” söz açmışdı.

ABŞ prezidenti Barack Obama Fidel Castronun prezident qardaşı ilə görüşüb
Şəklin alt yazısı, ABŞ prezidenti Barack Obama Fidel Castronun prezident qardaşı ilə görüşüb

O, Kuba prezidenti Raul Castro-ya demişdi ki, o nə ABŞ-dan, nə də “Kuba xalqının səsindən” qorxmur.

Obama həmçinin Kuba üzərindəki 54 illik ABŞ embarqosunun qaldırılmasına çağırmış, salona toplaşanların sürəkli alqışlarına səbəb olmuşdu.

Embarqo hazırda iki ölkə arasındakı münasibətlərdə ən böyük əngəldir, lakin yalnız ABŞ Konqresinin qərarı ilə qaldırıla bilər.

Cənab <link type="page"><caption> Obamanın Kubaya səfəri</caption><url href="http://www.bbc.com/azeri/international/2016/03/160320_cuba_obama_visits" platform="highweb"/></link> 1959-cu ildə Kuba kommunist inqilabı baş verəndən bəri Amerika prezidentinin bu adaya ilk səfəri idi.