Obama Kubaya “tarixi səfər edəcək”

Cənab Obama əvvəllər Kubada siyasi dissidentlərlə görüşmək istədiyini bildirmişdi

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Cənab Obama əvvəllər Kubada siyasi dissidentlərlə görüşmək istədiyini bildirmişdi

ABŞ prezidenti Barack Obama Latın Amerikasına səfəri çərçivəsində Kubaya getməyi planlaşdırır, məlumatda deyilir.

O, adaya səfər edəcək ikinci ABŞ prezidenti olacaq. İlk dəfə Calvin Coolidge 1928-ci ildə Kubaya səfər etmişdi.

Şəkillərdə: <link type="page"><caption> ABŞ-Kuba münasibətlərinin 116 ili</caption><url href="http://www.bbc.com/azeri/international/2014/12/141218_cuba_us_relations_history" platform="highweb"/></link>

ABŞ respublikaçıları səfəri tənqid ediblər və bildiriblər ki, Castro ailəsinin hakimiyyətdə olduğu zaman bu səfər baş tutmamalıdır.

Washington və Havana keçən ilin iyul ayında diplomatik münasibətləri bərpa ediblər və ABŞ 54 illik fasilədən sonra səyahət və ticarət qadağalarını aradan qaldırıb.

Hər ikisi kubalı miqrantın oğlu olan respublikaçı prezidentliyə namizədlər Marco Rubio və Ted Cruz səfərin yanlış olduğunu bildiriblər.

Prezident olacağı təqdirdə Kubaya səfər edərdimi sualına cənab Rubio belə cavab verib: “Kuba azad olmayınca - yox”.

Kuba hökuməti bildirib ki, cənab Obamanın Kubaya səfəri alqışlanır, lakin o, ölkənin daxili işlərinə qarışmamalıdır.

Çərşənbə axşamı ABŞ və Kuba rəsmiləri ticari hava nəqliyyatının bərpası ilə bağlı razılaşmaya imza atıblar.

Lakin ABŞ Konqresindəki respublikaçı çoxluq cənab Obamanın uzun sürən ticarət embarqosunu dayandırmaq çağırışını bloklayıb.