Hindistanda aktrisaların başlarını pornoya niyə montaj edirlər?

Şəklin mənbəyi, Aghosh Vyshnavam
Aktrisaların üzlərinin başqa çılpaq bədənlərə montaj edilməsindən boğaza yığılmış hindli aktrisa qəzəblənərək bunu edənlərə Facebook hücumuna keçib.
Jyoti Krişna Hindistanın cənubundakı Kerala ştatının film sənayesində parlamağa başlayan yeni adlardandır. Bura daha kiçik və məşhur Bollywood-dan daha mühafizəkar kino qovşaqlarındadındır. Buna baxmayaraq, Keralada hər il 200-dək film çəkilir. Hərçənd bu filmlərin əksəriyyəti Malayalam dilindədir.
Megha Mohan yazır ki, Cənubi Hindistanın kino ulduzları çox nadir hallarda açıq-saçıq paltarlar geyinirlər. Lakin buna baxmayaraq bəzi pərəstişkarlar aktrisaların başlarını elektron vasitələrlə pornoqrafik görüntülərə montaj edir və sonradan bu şəkilləri Whatsapp-da paylaşırlar.
Facebook-da 1, 5 milyon pərəstişkarı olan Krişna bu kimi hərəkətlərə yol verənlərə qarşı əks-hücuma keçib. O, Facebook-da yazdığı postda özü kimi “sosial media təqibinə” məruz qalan başqa aktrisalara dəstək verib və bildirib ki, saxtakarlar qanun qarşısında cavab verməlidirlər.
BBC Trending-ə müsahibəsində Krişna deyib ki, o ilk dəfə üzünün fotoşop edildiyi barədə xəbəri məşhur rejissorların birindən eşidib. Bundan sonra isə aktrisanın dostları və qohumları ona mesaj göndərərək bildiriblər ki, montaj olunmuş fotolar sosial mediada geniş paylaşılır.
Krişna BBC Trending-ə deyib ki, montaj edilmiş pornoqrafiya Keralada böyük problemə çevrilir və o bu barədə polisə rəsmi müraciət edib.
Ötən il Keraladan olan iki yeniyetmə başqa bir Malayalam aktrisası – Aşa Saratın üzünü pornoqrafik videoya montaj etdiklərinə görə kibercinayət maddələri ilə məhkum edilib.
Saxta videolar Whatsapp və Facebook-da paylaşılmışdı.
Başqa bir 19 yaşlı gənc televizya aktrisası Qayatri Arunun başını “ədəbsiz şəkildə” montaj etdiyinə görə həbs edilib.
Bu meyl barədə danışan psixiatr doktor Somanat deyib ki, Kerala yüksək savadlılıq səviyyəsilə seçilən ştatdır və burada gənclər internetdən geniş istifadə edirlər. Onlardan bəziləri fotoları saxtalaşdırmaq üsullarını yaxşı öyrəniblər.
Doktor Somanat Trending-ə deyib ki, Keralada aktrisalar Bollywood və ya Hollywood-da olduğu kimi açıq-saçıq geyinmir və belə şəkil çəkdirmirlər.
Psixiatrın fikrincə, belə hallar bir çox gənclərin seksuallıq basqısı altında olmalarından yaranır.
2012-ci ildə aparılmış polis təhqiqatı Hindistanda yayılan bütün pornoqrafiya formalarının dörddə birinin Keraladan qaynaqlandığını göstərib.
Milli Cinayət Qeydiyyatı Bürosunun məlumatına görə Kerala, informasiya texnologiyaları qanununu pozduğu üçün həbs edilmiş 18 yaşdan aşağı olanların sayına görə bütün Hindistanda birincidir.




