ABŞ tələbəsi "Şimali Koreya əleyhinə cinayəti" etiraf edib

Otto Warmbier bildirib ki, təbliğat nişanını geri gətirəcəyi təqdirdə ona işlənmiş maşın vəd edilib

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Otto Warmbier bildirib ki, təbliğat nişanını geri gətirəcəyi təqdirdə ona işlənmiş maşın vəd edilib

Şimali Koreyada həbs edilmiş ABŞ tələbəsi Otto Warmbier dövlət mediasına Şimali Koreya əleyhinə cinayət törətdiyini etiraf edib.

O, həbs olunduqdan sonra ilk dəfə bildirib ki, ABŞ-dakı kilsə ona əldə etdiyi "qəniməti" geri gətirməyi tələb edib.

21 yaşlı Virginia Universiteti tələbəsi yanvar ayında Şimali Koreyaya turist vizası ilə daxil olub.

O, ölkəni tərk etməyə hazırlaşdığı vaxt həbs edilib.

Şimali Koreya onu "düşmənçilikdə" ittiham edib.

Pxenyanda keçirilmiş mətbuat konfransında çıxış edən cənab Warmbier deyib ki, Şimali Koreyadan təbliğat nişanı gətirəcəyi təqdirdə ABŞ-da bir kilsə ona 10 min dollar dəyərində işlənmiş maşın verəcəyini vəd edib.

"Mən Yanggakdo Beynəlxalq Otelindən siyasi şüarı götürməklə cinayət törətmişəm", Şimali Koreyanın KCNA xəbər agentliyi ona istinadən yazıb.

"Məqsədim Koreya xalqının motivasiyasını və iş əxlaqını qırmaq olub. Bu çox axmaq bir məqsəd idi", ondan sitat gətirilir.

Videonun nüsxəsini əldə etmiş CNN bildirib ki, o, ağlayaraq bağışlanmasını istəyib və deyib ki, "həyatının ən böyük səhvini edib".

Tələbənin könüllü və ya məcburən bəyanat verdiyi aydın deyil.

ABŞ dövlət departamenti amerikalıların Şimali Koreyaya səyahət etməməsini məsləhət görmür.