Şimali Koreyanın qəribə “ixtiraları”

Şimali Koreya lideri texnoloji tərəqqini dəstəkləyir
Şəklin alt yazısı, Şimali Koreya lideri texnoloji tərəqqini dəstəkləyir

Dünya mediası Şimali Koreya barədə xəbər verəndə, bu adətən ya hansısa silahın sınağı və ya Pxenyanın cənub qonşusu ilə qarşıdurması barədə olur.

Amma Şimali Koreyanın öz mediasını izləsəniz görərsiniz ki, vəziyyət göründüyü kimi sadə deyil. Burada radio-televizya Şimali Koreya alimlərinin elmi uğurlarından söhbət açır. Di gəl, bu uğurların hansının doğru, hansının yalan olduğunu başa düşmək çətindir.

BBC sizləri Şimali Koreyanın fəxr etdiyi, lakin dünyanın qalan hissəsinin tanımadığı bir sıra yeniliklərlə tanış edir:

1. Meyxoş etməyən alkoqol

“The Pyongyang Times” qəzetinin yazdığına görə, Şimali Koreya alimlərinin ən son “ixtiralarından” biri təsiri keçəndən sonra meyxoşluq gətirməyən spirtli içkidir. Bu likörün tərkibində jenşendən və yapışqanlı düyüdən hazırlanmış 30-40 dərəcəlik spirt var.

Yerli media iddia edir ki, belə içki səhəri gün başağrısı vermir, üstəlik müalicəvi əhəmiyyəti var.

2. Siqaretə qarşı həblər

Antisiqaret kampaniyası aparan Şimali Koreyada alimlər 2011-ci ildə bu adəti tərgitmək imkanı verən həblərin kəşf olunduğu xəbər vermişdi.

Şimali Koreya bu preparatların çox təsirli olduğunu iddia edir. Guya bu həblər nəinki siqaret çəkmək həvəsini öldürür, onlar hətta orqanizmi təmizləyir.

Görünür, Kim Jong-un siqaretə qarşı həblərdən faydalanmır
Şəklin alt yazısı, Görünür, Kim Jong-un siqaretə qarşı həblərdən faydalanmır

Bu həblərin tərkibində jenşen və antikarsinogen xüsusiyyətlərə malik başqa bitklilər var.

Amma Kim Jong-un-un son fotolarına baxanda bəlli olur ki, o, deyəsən təzə həblərdən içməyib.

3. Sehrli qaraciyər dərmanı

Şimali Koreya xəbər agentliyi bildirib ki, ölkədə qara ciyər problemlərini həll edən preparat hazırlanıb.

Bu preparatın tərkibində heyvan qanından alınmış protoporfirin biokimyəvi maddəsinin olduğu xəbər verilib.

Şimali Koreya alimləri iddia edirlər ki, dərman hepatit, serroz və başqa xəstəlikləri müalicə edir.

4. Beyni stimullaşdıran içki

Şimali Koreya iddia edir ki, alma, armud və çiyələk tamı verən və beyin hüceyrələrini inkişaf etdirən qazlı içki istehsal edir.

Yerlli media yazır ki, bu içki zehni qabiliyyəti artırır, yaddaşı möhkəmlədir.

Bu da iddia edilir kİ, bu içki iflicin və infarktın qarşısını alır, üz qırışlarını azaldır və sızanaqları aparır.

"Doğrudan hər şeyə dərman içkidir", media yazır.

5. Anti-radar kamuflyajı

Kim Jong-un hərbi ixtiraları xüsusən çox sevir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Kim Jong-un hərbi ixtiraları xüsusən çox sevir

Amma heç də hər şey sağlamlıqla bağlı deyil. Şimali Koreyanın “ixtiralarından” biri də hərbi texnikanı düşmən radarından gizlədən rəngdir. Aydındır ki, bu son dərəcə məxfi “ixtira”dır. Amma Cənubi Koreya mediası iddia edir ki, belə kamuflyaj nəinki hərbi maşınları, silah-sursatı, hətta bütöv binaları gizlətmək imkanı verir.

Üstəlik bəzi məlumatlara görə, bu rəng düşməni maşınların guya hərəkət etməsini imitasiya edərək çaşdırmaq imkanı verir.

6. İnternetsiz tablet

Şimali Koreyanın öz Red Star OS-u var
Şəklin alt yazısı, Şimali Koreyanın öz Red Star OS-u var

Bu cihaz Android-4 OS proqramından istifadə edir, lakin internetə bağlanmır. O yalnız Şimali Koreyanın intranetinə bağlana bilər.

Burada Şimali Koreya dövlət xəbər agentliyi, dövlət qəzeti, dövlət televiziyası da daxil, əvvəlcədən tərtib edilmiş ünvanlar var.

Bu qurğunun hətta yalnız Şimali Koreya dövlət televiziyasına köklənən antennası da var.

Şimali Koreya vətəndaşlarına internet qadağan olunduğundan bu cihazla YouTube və ya Gmail-ə daxil ola bilməzsiniz. Amma cihazdan Angry Birds kompüter oyunu üçün istifadə oluna bilər.