Davos 2016: Dünya İqtisadi Forumu barədə elementar məlumat

    • Müəllif, Emily Young
    • Vəzifə, BBC News

Hər il bu vaxtlar dünyanın varlı, qüdrətli və məşhur insanları İsveçrənin balaca dağ kəndinə toplaşaraq günün böyük məsələlərini müzakirə edir, dünyanın işlərini düzəltməyə cəhd göstərirlər.

Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir qrupdan, hazırda 2,500 iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib. Bunların 1000 nəfərindən çoxu böyük şirkərlətlərin direktorları, 40-dan çoxu dövlət başçılarıdır.

Builki toplantıda Leonardo DiCaprio, Will.i.am və Formula 1 çempionu Sebastian Vettel kimi məşhurlar Bill Gates, Bono, Yunanıstanın baş naziri Alexis Tsipras, Kanada hökumətinin başçısı Justin Trudeau ilə yanaşı iştirak edəcəklər. Qaçqın böhranı, iqlim dəyişikliyi, qalxan faizlər gündəlikdəki böyük məsələlərin arasında olacaq.

Bura necə bir yerdir və burda nələr baş verir?

Leonardo DiCaprio Dünya İqtisadi Forumunun qonaqları arasında olacaq

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Leonardo DiCaprio Dünya İqtisadi Forumunun qonaqları arasında olacaq

Yəqin təsəvvür edə bilərsiniz. Burada məxfilik dərəcəsi müxtəlif olan iclaslar keçirilir. Bir də bağlı qapı arxasında keçirilən tədbirlər var. Bağlı görüşlərə ağ rəngli buraxılış vəsiqələrinin sahibləri baş çəkə bilər. Şəxsi görüşlər də olur və adətən siz bunlardan heç xəbər də tutmursunuz. Qapalı görüşlərdə, böyük sövdələşmələr yer alır.

Yaxşı, bəs orada real olaraq nə baş verir?

Hə, deməli çoxsaylı niqtlərdən başqa orada bir xeyli qonaqlıqlar da olur. Burda şirkətlər öz müştəriləri üçün şam və içki süfrələri açırlar. Doğrudur yemək-içmək su yerinə axır, amma sonradan dostlara danışılacaq maraqlı bir şey yoxdur. Əgər əlbəttə, böyük direktorlardan biri qonaqlığı şəxsən sizə vermirsə…

Bəzən “Killers” kimi böyük musiqi qrupları burada canlanma yaradır. Amma hər halda bura Glastonbury festivalı deyil. Ətrafda yalnız burterbrod yeyən kostyumlu-qalstuklu kişiləri görürsən.

Onda burda yaxşıca laqqırtı vurub rəqs eləmək olar?

Ola bilər. Amma burada olmaqdan başlıca məqsəd ideyaları parlatmaq və söhbətlər etməkdir. Bu heç də o demək deyildir ki, bütün problemlər elə o saat, ordaca həll olunacaq. Forumun tarixində dərhal həll olunan problemlərdən biri, 1980-ci illərdə Türkiyənin Yunanıstana müharibə etməsinin qarşısının alınması olub. Onda keçmiş Türkiyə baş naziri Turqut Ozal yunan həmkarı Andreas Papandreou ilə görüşmüşdü və qərara gəlmişdi ki, ona etibar edə bilər.

Lap bu yaxınlarda BRİCS təşkilatının İnkişaf Bankı barədə ideya, burada, iqtisadçılar lord Stern və Joseph Stiglitz arasında 2011-ci ildə baş vermis söhbətdə yaranıb.

Bəlkə mənim də cənab Gates üçün ideyam var. Çatdıra bilərəmmi ona?

Hmm…Birincisi sizin ora dəvət edilməyiniz lazımdır. Nəzərə alsaq ki, siz icraçı direkrtor və ya dünya lideri deyilsiniz, onda heç olmasa sosial təyinatlı şirkətiniz, ya da QHT-niz olmalıdır. Ya da şirkətiniz Foruma üzvlük haqqı kimi 30 min dollar ödəməlidir. Unutmayın ki, hələ çox bahalı mehmanxana nömrəsinin haqqı da var.

Bir məşhur müəssisə kapitalı firması tədbir zamanı oz investorlarını məmnun etmək üçün azı 700 min dollar xərcləməli olur.

Yox, əgər belə pulunuz yoxdursa, bura öz qoşqulu yataq yedəyinizlə gəlib, hansısa əlavə tədbirlərə qatıla bilərsiniz.

Nə? Yataq qoşqusu? Bəs deyirdiniz, bura Glastonbury deyil?

Şəklin mənbəyi, Reuters

Heç bilirsiniz varlı və məşhur adamlara, onları qartopu vura biləcəyin məsafədə olmaq necə də ecazkar hissdir? Planlaşdırma bir ay əvvəl başlanır və yaxşıca əlaqələndirilməlidir.

Sizə uzaqbaşı “mehmanxana vəsiqəsi” verə bilərlər. Bu da pis deyil. Konfranslara girə bilməsəniz də, vestibüllərdə verilən ziyafətlərə qatıla bilərsiniz.

Oho, deməli orda olmağa dəyər?

Bizneslər üçün yaxşı imkandır. Bir var bütün dünya boyunca təyyarə ilə uçub müştərilərlə görüşəsən, bir də var onların hamısı bir yerə toplaşıb.

Maraq göstərən adamlar üçünsə, bu onların başqa ambisiyalı şəxslərlə tanış olması üçün yaxşı məkandır.

Davos rəqəmlərdə:

  • Davosun əhalisi – 11 min
  • Davosun forum günlərində əhalisi – 30 min
  • 1,074 baş icraçı direktor və ya sədr
  • 40+ dünya lideri
  • 18% qadın
  • 4 Grammy mükafatçısı (Bono, Will.i.am, Yo-Yo Ma, Peter Gabriel)

Yaxşı, tutaq ki, mən bir yolla dəvətnamə ələ keçirdim. Nəyi bilməliyəm?

Çox məşğul bir tədbirdir. İş adətən səhər saat 7-də verilən səhər yeməyindən başlanır və gecədən xeyli keçmiş ziyafətlə başa çatır.

Çox soyuqdur. Xizəksürmə zolağı əladır. Amma əlbəttə, bu, konfransdır və içəri istidir. Bəziləri çantalarında ehtiyat ayaqqabı götürürlər. Moda jurnallarında deyildiyi kimi, bunlar zövq məsələsidir.

Elə də bilirdim. Burda xizək sürmək məsələsi çox mühümdür…

Əslində çox az adam burda xizək sürməyə can atır.

Həftəsonunda qonaqlardan kimisə orda tapmaq olar. Məsələn qarlı yamac aşağı sürüşən OECD başçısı Angel Gurrianı görə bilərsiniz.