MAQATE: İran sanksiyaların ləğv edilməsi üçün şərtləri yerinə yetirib

MAQATE baş direktoru Yukiya Amano deyib ki, "dünya birliyinin ömründə mühüm gün" açılıb
Şəklin alt yazısı, MAQATE baş direktoru Yukiya Amano deyib ki, "dünya birliyinin ömründə mühüm gün" açılıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) elan edib ki, İran altılıq ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) ilə öz nüvə proqramı məsələsi üzrə razılaşmaların gerçəkləşdirilməsinə başlamaq üçün üzərinə düşən bütün şərtləri yerinə yetirib.

MAQATE-nin qiymətləndirməsi İrana dair tətbiq edilən beynəlxalq sanksiyaların qaldırılması üçün ilkin şərtdir.

İran nüvə obyektlərinə baş çəkən MAQATE müfəttişləri İranın öz öhdəliklərini yerinə yetirdiyini yəqin ediblər, agentliyin baş direktoru Yukiya Amano bəyan edib.

Şənbə günü Vyanada ABŞ və Avropa İttifaqı nümayəndələri ilə görüşdən qabaq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sanksiyaların götürüləcəyində əmin olduğunu bildirmişdi.

Avstriya paytaxtına gələn ABŞ dövlət katibi John Kerry, Aİ xarici işlər komissarı Federica Mogherini və İranın xarici işlər naziri Cavad Zərif nüvə razılaşması ilə bağlı tərəqqini müzakirə etməlidirlər.

Ötən il imzalanmış saziş nüvə proqramının məhdudlaşdırılması müqabilində İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutur.

Dövr edən məlumatlara əsasən, Tehran razılaşma üzrə öhdəliklərinə əməl edib və Beynəlxalq Atom Enerjisi Agentliyi bunu təsdiqləyən bəyanatla çıxış etməlidir.

Şənbə günü Avstriya paytaxtında ABŞ dövlət katibi John Kerry, İranın xarici işlər naziri Cavad Zərif və Aİ xarici işlər komissarı Federica Mogherini arasında görüş keçiriləcək.

Təhlilçilərə əsasən üçtərəfli danışıqlar sazişin icrasının yaxınlaşdığına işarə edir.

Demək olar ki, məsələ hərtərəfli razılaşdırılıb, Vyana görüşünü şərh edən Reuters agentliyinin mənbəyi deyib.

Sazişə əsasən İran, o cümlədən nüvə silahının yaradılmasında istifadə oluna biləcək sentrifuqaların sayını azaltmalı və Arak şəhəri yaxınlığındakı ağır su reaktorunu sökməli idi.

İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya (P5+1 qrupu) arasında 2006-cı ildə başlanmış danışıqlar ötən ilin iyul ayında yekunlaşıb.

Sanksiyaların qaldırılması ardınca İran xaricdə dondurulmuş aktivlərinə giriş əldə edəcək.

ABŞ Maliyyə Nazirliyinin dəyərləndirməsinə görə Tehranın aktivlərinin həcmi 50 milyard dollar təşkil edir. İran həmçinin neft ixracını da gündə 500 min barelədək artıra bilər.