Qərb-İran razılaşması Azərbaycana nə vəd edir?

Bir çox təhlilçilərin fikrincə, İranla Qərb arasında əldə olunmuş nüvə razılaşması, bütövlükdə region, ayrılıqda isə Azərbaycanı ciddi şəkildə təsirləndirə bilər.
Əksər təhlillərdə məhz “Qərbə düşmən münasibətdə olan İrana” görə Azərbaycanın kövrək coğrafı məkanda yerləşdiyi, onun Avropa İttifaqına müttəfiqliyi vurğulanırdı. Digər tərəfdən İran üzərindən sanksiyaların qaldırılması bu ölkəni bir daha neft və qaz bazarına gətirəcək. Bu isə Avropanın enerji təchizatının xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) aprelin 3-də artıq P5+1, Aİ və İran arasında aparılan danışıqlara dair rəsmi münasibət bildirib.
Nazirliyin bu barədə verdiyi bəyanatda Azərbacan dünyanın 6 gücü ilə onun qonşusu arasında əldə olunmuş razıalşmanı alqışlayıb.
Bəyanatda bu razılaşmanınm “region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına” inam ifadə olunub.
Azərbaycanın siyasi əhəmiyyəti azala bilər
Ekspert Natiq Cəfərli hesab edir ki, bu razılaşma bütövlükdə dünyada enerji bazarlarına ciddi təsir göstərəcək. İran kimi ciddi və böyük potensiala malik oyunçu yenidən bazarlara qayıdacaq. Bunun Azərbaycan üçün mənfi cəhəti həm də İranın enerji potensialının Azərbaycandan qat-qat yüksək olması və Azərbaycanın geosiyasi və coğrafi mövqelərinin zəifləməsindədir.
Lakin Natiq Cəfərli düşünür ki, bu razılaşmanın bizim üçün müsbət cəhətləri də var. “Azərbaycanda normal idarəetmə sistemi və iqtisadi azadlıqların olacağı təqdirdə Azərbaycan İranın ac iqtisadiyyatından bəhrələnə bilər” – deyir təhlilçi.
Bu fikrini təfərrüatlı şəkildə izah edən ekspert düşünür ki, belə bir şəraitdə Azərbaycan Qərb şirkətləri üçün platsdarm rolunu oynaya bilər.
“Burada neft və qaz şirkətlərinin infrastrukturu artıq qurulub. Azərbaycan bu şirkətlər üçün bir qapı rolunu oynaya bilər. Bunun üçün həmin şirkətlərlə normal vergi siyasəti həyata keçirmək, daha çox şirkətin rəqabətli şəkildə fəaliyyət göstərməsi üçün müxtəlif addımlar atmaq lazımdır” – deyir Natiq Cəfərli.
Azərbaycan biznesinin İrana yolu açılacaq
Ekspertin sözlərinə görə bu açılımdan sonra İranda ciddi tikinti bumunun başlayacağını da gözləmək lazımdır. Azərbaycanın bu sahədə təcrübəsi var. İndi isə İranda tikinti bumu başlayandan sonra Azərbaycan şirkətləri də bundan yararlana bilərlər.
Natiq Cəfərli düşünür ki, bundan başqa Azərbaycan Orta Asiya, Rusiya və Qazaxstandan İran iqtisadiyyatı üçün lazım olan müxtəlif malların tranziti rolunu oynaya bilər.
Neft qiymətlərinin dünya bazarlarında enməsi artıq Azərbaycan iqtisadiyyatına təsirini göstərib. İran kimi potensiallı ölkənin dünya bazarlarına çıxması ehtimalının yüksəlməsi təbii ki, neft qiymətlərinə təzyiqi daha da artıracaq, Natiq Cəfərli deyir. Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, İran dünya neft ehtiyatlarının 9%-nə sahibdir. Bu gün İran dünya bazarına 2,5 milyon barrelə yaxın neft çıxarmaq qabiliyyətinə malikdirsə razılaşmadan sonra bu göstərici daha 1,5 milyon barrel artaraq 4 milyon barrelə çata bilər. İnvestisiyalar artdıqdan sonra isə Beynəlxalq Energetika Agentliyinin hesablamalarına görə yaxın iki il ərzində İran dünya bazarına 7-8 milyon barel neft çıxarmaq qabiliyyətinə malikdir. Bu halın onsuz da təklifin çox olduğu neft bazarında qiymətləri daha da aşağı endirməsi labüddür.
Bakı bu razılaşmaya hazır olmalı idi
Ekspertin sözlərinə görə, Azərbaycana təsir göstərəcək digər bir məsələ ondan ibarətdir ki, Azərbaycan yaxın gələcəkdə neft gəlirləri azaldıqdan sonra qaz gəlirlərinin artırılması yolu ilə iqtisadiyyatda vəziyyəti müəyyən qədər balanslaşdıra biləcək. Lakin İranın eyni zamanda qaz ixracatçısı kim dünya bazarına çıxması və Avropa bazarını hədəf kimi seçməsi və Azərbaycanın 2020-ci ildə çıxara biləcəyi cəmi 10 milyard kubmetr qazdan 7-8 dəfə çox qaz çıxarma potensialına malik olması Azərbaycanın bu bazarda iştirakının əhəmiyyətini xeyli azaltmış olacaq. Bütün bu proseslər yaxın gələcəkdə Azərbaycanın gəlirlərinə ciddi təsir göstərəcək.
Nəzərə alanda ki, Qərblə İran arasında bu müzakirələr çoxdan gedirdi, bu vəziyyəti gözləmək olardı.




