İran: Səudiyyənin tərəfdaşlarıyla münasibətlər gərginləşir

Bəhreyndə də şeyx Nimrin ölümünə etiraz aksiyaları keçirilib

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Bəhreyndə də şeyx Nimrin ölümünə etiraz aksiyaları keçirilib

Səudiyyə Ərəbistanı ilə İran arasındakı qalmaqal nəticəsində Tehranla diplomatik əlaqələri kəsən ölkələrin siyahısına Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Sudan və Bəhreyn də qatılıb.

Bazar ertəsi Bəhreyn İranla diplomatik əlaqələri kəsdiyini elan edib və iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat verib. Bunun ardınca BƏƏ və Sudan Tehrandakı səfirlərini geri çağıraraq İranla diplomatik əlaqələri "ləğv etdiklərini" bəyan edib.

Bu, Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumdan sonra baş verir.

Tanınmış Şiə ruhanisinin edamıyla əlaqədar yaranmış qalmaqaldan sonra ötən gün Səudiyyə Ərəbistanı iranlı diplomatlara ölkəni tərk etmək üçün iki gün verdiyi açıqlayıb.

Birləşmiş Ərəb Əmirlikləri həmçinin Tehrandakə diplomatik nümayəndəliyini azaldacağını bildirib.

Səudiyyə Ərəbistanı və İran, regionun müvafiq olaraq əsas sünni və şiə gücləridir və həm Suriyada, həm də Yəməndə əks tərəfləri dəstəkləyirlər.

Bəhreyn sünni kral tərəfindən idarə edilsə də, ölkənin əksəriyyəti şiədir.

Şeyx Nimrin edamından sonra regionda məhzəb qarşıdurmasının yaranacağı barədə qorxu var.

Ruhani Şeyx Nimr yanvarın 2-də terror ittihamı ilə edam edilən 47 nəfərdən biri olub.

Bazar ertəsi İraqda iki sünni məscidi bombalanıb və bir imam öldürülüb.