Çin hansı insan haqlarını pozmaqda ittiham olunur?

Şəklin mənbəyi, Getty

    • Müəllif, Camila Ruz
    • Vəzifə, BBC News Magazine

Çinin insan hüquqları ilə bağlı vəziyyəti illərdir ki, tənqid olunmaqdadır.

Britaniya hökuməti Çin liderinin səfəri vaxtı məsələ ilə bağlı narahatlıqları ön plana çəkməyə səslənir.

Bəs görəsən problemin əsas məqamları nədən ibarətdir?

Fəal və dissidentlərin təqibi

İnsan hüquqları fəallarına əsasən, Çin hökuməti, fəalları və onların ailə üzvlərini təqib edir. Onlar məhbəsə atılır və işgəncəyə məruz qalırlar.

Kampaniya təşkilatları həssas siyasi mövzuları dilə gətirənlərin tez-tez həbsə alındığını deyirlər.

İyul ayında ifadə azadlığı mövzusu və hakimiyyətdən sui istifadə barədə işlər aparan vəkillər təzyiqə məruz qalıb. Amnesty International iyul ayından bəri 245 vəkil və fəalın hədəfləndiyini bildirir.

Ölkədə ən tanınmış hüquqşünaslardan biri - Li Heping yoxa çıxdıqdan sonra hələ də tapılmayıb.

Amnesty bildirir ki, polis təcridxanasında ölən Cao Shunli kimi insan haqları müdafiəçiləri barədə agahlığı artırmağa ehtiyac var.

Cao Shunlinin ailəsi ona tibbi yardımın göstərilmədiyini deyir və bildirir ki, mərhumun cənazəsini görməyə ona icazə verilməyib. Bu yaxınlarda məişət zorakılığı barədə məlumat kitabçaları yaymağa hazırlaşan feminist qrupunun üzvləri saxlanılıb.

Onlardan 5-nə bir ildən artıq həbs cəzası kəsilib. Çin nümayişçilərə qarşı sərt davranmaqda ittiham olunur.

Dini etiqada görə təqiblər

Qadağan edilmiş protestantlar ibadət mərasimində.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Qadağan edilmiş protestantlar ibadət mərasimində.

Çində dini məsələlərə sərt nəzarət edilir. Protestantların "ev kilsələri" qanunsuz elan olunub və onların üzvləri tez-tez saxlanılır.

Sincan bölgəsində müsəlmanların dini fəaliyyətinə məhdudiyyətlər qoyulur.

Həmçinin dini Falun Gong hərəkatı 1999-cu ildən bəri qadağan edilib, onun üzvləri əmək düşərgələri və həbsxanalara göndərilib, Amnesty İnternational bildirir.

Etnik azlıqlara qarşı diskriminasiya

İnsan hüquqları təşkilatı tibetli, uyğur və monqolların ayrıseçkiliyə məruz qaldığını və onların azadlıqlarına məhdudiyyətlərin qoyulduğunu bildirir.

Avstrliya uyğur icmasının üzvləri Çinin Melburndakı konsulluğu qarşısında etiraz aksiyası keçirirlər.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Avstrliya uyğur icmasının üzvləri Çinin Melburndakı konsulluğu qarşısında etiraz aksiyası keçirirlər.

Müsəlman azlığına mənsub uyğurların yaşadığı qərbdəki Sincan vilayətində tez-tez qarışıqlıqlar baş verir. Ötən 3 il ərzində yer alan hücumlar yüzlərlə adamın ölümünə səbəb olub.

Qarışıqlıq halları Tibetdə də yer alır. Hakimiyyət təqiblərinə etiraz əlaməti olaraq, 2014-cü ildəki çıxışlar zamanı 7 adam özünə od vuraraq yandırıb.

Ölüm cəzası

Amnesty İnternational-a əsasən Çində həyata keçirilən edamlar dünya boyu kəsilən ölüm cəzalarının toplam sayını üstələyir.

Rəsmi statistika olmasa da, fəallar hər il minlərlə adama ölüm cəzasının kəsildiyini və edamların həyata keçirildiyini hesab edirlər.

İşgəncə

Siyasi baxışlar, dini etiqad və insan hüquqlarının müdafiəsi ilə bağlı saxlanılan adamlar üçün "həbsdə işgəncəyə məruz qalmaq riski daha artıqdır”, Human Rights Watch bildirir.

Bu il dərc olunmuş hesabata əsasən, insanlar elektrik şoku vasitəsilə öldürülür. Polis əməkdaşlarının etiraf ifadəsi qoparmaq üçün işgəncə tətbiq etməsi barədə iddialar tez-tez olur.

Bu, Ali Məhkəmənin şübhəlilərə qarşı işgəncənin qadağan edilməsi barədə qərarına rəğmən baş verir.

Tyananmen hadisələrilə bağlı məxfilik

1989-cü ilin iyun ayı: Tək adam Tyananmen Meydandakı tankların qarşısını kəsib.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, 1989-cü ilin iyun ayı: Tək adam Tyananmen Meydandakı tankların qarşısını kəsib.

Tyananmen Meydanında bir neçə yüz adamın ölümü ilə nəticələnən demokratiya çağırışlı etirazın dağıdılmasından 26 il keçir.

Fəallara əsasən, 1989-cu ilin iyun ayında baş verən hadisələrin araşdırılmasına dair çağırış qulaqardına verilir.

Human Rights Watch bildirir ki, hadisələr barədə həqiqət xalqdan gizlədilir və mövzu ilə bağlı müzakirələr senzuraya məruz qalır.

İnternet və media azadlığı

Şəklin mənbəyi, Getty images

Çində insan haqlarına sərt nəzarət olunur və bu yaxınlarda bir neçə aparıcı jurnalist cinayət məsuliyyətinə cəlb olunub.

Aprel ayında 71 Gao Yu “dövlət sirrini ölkə kənarında qanunsuz yaymaq” ittihamı ilə bağlı həbsə atılıb. Amnesty International ona kəsilən cəzanı "ədalətin təhqiri" adlandırır.

Çin illər ərzində xarici televiziya və mətbuata girişi məhdudlaşdırıb. Hökumət yüzlərlə sayta girişi bağlayır və WeChat kimi smartfon proqramlarının istifadəçilərini təqib edir.

Senzuraya həmçinin sosial media saytları məruz qalır. Bu il İkinci Dünya Müharibəsilə bağlı paradı məsxərəyə qoyan sosial mediadakı şərhlər yığışdırılıb.

Əmək hüquqları

Çində müstəqil Həmkarlar İttifaqları qanunsuzdur. Ölkədə maaşların aşağı olması, pis iş şəraiti və miqrant işçilərə rəftarla bağlı çoxsaylı mübahisələr yer alır.

Tətil və etirazlar çox vaxtlar təhdid və həbs cəzaları ilə qarşılanır.

Ailə planlaşdırması

Çin məşhur "bir ailə, bir övlad" siyasətini 1979-cu ildə elan edib. Kampaniyaçılara əsasən, bu məcburi abortlar oğlan övladına üstünlük verən cəmiyyətdə qızların sayını süni şəkildə azaldaraq cinslər arasındakı nisbəti pozub.

Bu yaxınlarda ailə planlaşdırılması ilə bağlı qanunvericiliyin mülayimləşdirilməsinə rəğmən doğumla bağlı məsələ üzərində sərt dövlət nəzarəti mövcuddur.

Torpağa sahiblik hüququ

2011-ci ilin dekabr ayı: Guangdong vilayyətinin kəndliləri 19 dekabrda yerli liderin məhbəsdə ölməsilə bağlı etiraz aksiyası keçirirlər.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 2011-ci ilin dekabr ayı: Guangdong vilayyətinin kəndliləri 19 dekabrda yerli liderin məhbəsdə ölməsilə bağlı etiraz aksiyası keçirirlər.

2011-ci ildə Guangdong vilayətindəki kənddə yerli sakinlərin əlindən torpaq sahələrinin alınması etiraz çıxışlarına təkan verib. Bu kimi mübahisələr qeyri-adi hal deyil.

Bütün torpaq yerli hakimiyyətə məxsusdur və sahələr müəyyən müddət ərzində fermerlərin istifadəsinə verilir.

Kənd sakinləri tez-tez deyirlər ki, hakimiyyət kompensasiya ödəmədən torpaq sahələrini onların əllərindən alır. Onlar həmçinin etiraz çıxışlarının sərt yatırılmasından narazıdırlar.

Psixiki sağlamlıq və fiziki məhdudiyyət

Çin fiziki məhdudiyyətlərə malik insanların rəftarı ilə bağli sərt tənqid olunub.

Human Rights Watch onların müdafiəsini “qeyri-adekvat” adlandırıb. Təşkilata əsasən, belə şəxslər işə götürülmə və təhsil alarkən ayrıseçkiliyə məruz qalırlar.

Bu sahədə kampaniya aparanlar saxlanılır. Gu Xianghong psixiki sağlamlıq sistemi ilə bağlı etiraz edərək Pekinin psixiatriya xəstəxanasına yerləşdirilib, Amnesty bildirir.