“İslam Dövləti”ni tərk edənlər danışır

Hesabata görə, İD-ni tərk etməyə cəhd təhlükə ilə nəticələnə bilər

Şəklin mənbəyi, Islamic State

Şəklin alt yazısı, Hesabata görə, İD-ni tərk etməyə cəhd təhlükə ilə nəticələnə bilər

İslam Dövləti (İD) qruplaşmasını tərk etdikdən sonra qərarlarını ictimaiyyətə açan insanların sayı artmaqdadır, məlumatda deyilir.

İD-ni tərk edənlər qruplaşmanın mümkün işgəncəsi və öz ölkələrində həbs riski ilə üzləşməli olur. Bildirilir ki, buna görə də qaçanların əksəriyyəti gizlənməyə çalışır.

Lakin King’s College London araşdırmaçıları, qruplaşmanı tərk etmə səbəbləri ilə bağlı danışan 58 nəfəri tapıb.

Hesabatda deyilir ki, onların ifadələri yeni üzvləri çəkindirməkdə kömək edə bilər.

Kings College-də hesabatı hazırlayan Radikallaşmanın Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (İCSR) təxmin edir ki, yüzlərlə keçmiş döyüşçü qruplaşmanı tərk edib və ya buna cəhd edib.

Onlarla keçmiş döyüşçünün Türkiyə vasitəsilə qaçmağa nail olmasına baxmayaraq, digərləri yaxalanaraq edam edilib.

Qruplaşmanı tərk edənlərin dediklərindən:

  • “Mən gödəkcəmi açaraq dedim ki, üzərimdə intihar jileti var, lakin özümü partlatmaq istəmirəm” – Usaid Bahro, suriyalı azyaşlı
  • “Onların inancı ilə ziddiyyət təşkil edən hər şey qadağandır. Onların inkar etdiyi şeylərlə məşğul olan hər kəs kafirdir və qətlə yetirilməlidir” – anonim şəxs
  • “Hərəkət məhdudiyyəti oranı həbsxanaya bənzədirdi” – Əbu İbrahim, “qərbli”

Araşdırmalar İD-ni tərk etmənin bir sıra önəmli səbəblərini üzə çıxarıb. Qaçanların əksəriyyəti bildirib ki, onları müsəlmanlara qarşı mövcud qəddarlıq narahat edib və qruplaşmanın içində korrupsiya hökm sürür.

Bəziləri isə İD-də həyat səviyyəsindən şikayətlənib. “Onlar adətən maddi səbəblərdən qruplaşmaya qoşulanlardır və tez də anlayıblar ki, onlara söz verilən lüks əşyalardan heç biri yoxdur,” hesabatda deyilir.

İki döyüşçü isə intihar bombaçısı olacağından xəbər tutduqdan sonra qaçıb. Keçən il BBC-ə müsahibə vermiş adının açıqlanmasını istəməyən şəxs bildirmişdi ki, “İD-nin qəddarlığı hər kəsi dəhşətə gətirir”.

Hesabatda deyilir ki, qruplaşmanı tərk edənlərin hekayələri yeni qoşulanları çəkindirə bilər.

ABŞ artıq qruplaşmaya qarşı təbliğat müharibəsini həyata keçirir. Bunların arasında Dövlət Departamentinin “Think Again Turn Away” (Bir daha Düşün Geri Qayıt) Twitter hesabı da var.

Lakin İCSR, keçmiş İD döyüşçülərinin danışmasına nail olmaq üçün hökumətləri daha fəal olmağa çağırır.

Hesabatda ilk tərk etmə halı 2014-cü ilin yanvarından qeydə alınıb və ən son belə hal bu ilin avqustundadır.