Premyer-liqanın şəksiz lideri, Pedronun oyunu və başqaları

Aleksandar Kolarov (sağda) bazar günü keçirilən matçda Evertonun qapısına qol vurur.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Aleksandar Kolarov (sağda) bazar günü keçirilən matçda Evertonun qapısına qol vurur.
    • Müəllif, Toğrul Bağırov
    • Vəzifə, London, BBC Azərbaycanca üçün

Premyer-liqanın artıq üçüncü turundan sonra turnir cədvəlinin şəksiz lideri müəyyənləşdi.

Manchester City hələ ki, yarışda mükəmməl adlandırıla bilən oyun nümayiş etdirir – üç oyunda üç qələbə, səkkiz top vurulub və heç biri buraxılmayıb.

Özü də bu oyunların ikisi rəqib meydanında, biri isə doğma Etihad stadionunda olsa da, nə az, nə çox, Chelsea-ya qarşı idi.

Bu turda City Evertonun qonağı idi.

İlk iki oyunda beş qol vuran liverpulluların hücum xətti liqada ən təhlükəlilərdən biri olsa da, City onlara qarşı elə oyun göstərdi ki, meydan sahibləri oyun ərzində qapı çərçivəsinə cəmi bir zərbə vurmağa bacardılar. Düzdür, mançesterlilər də hesabı açmaq üçün bir saat əlləşməli oldular.

Bunun üçün Raheem Sterling 82 metri 14 saniyəyə qaçmış (60 dəqiqə oyundan sonra!) Aleksandar Kolarova dabanı ilə kor-koranə gözəl pas verməli və rəqib qapısının xəttinə gəlib-çıxmış serb müdafiəçi iti bucaqdan əla zərbə vurmalı oldu.

Sonra isə Yaya Toure-nin əla ötürməsindən istifadə edən Samir Nasri oyunda nəfis bir nöqtə qoydu.

Oyundan sonra City-nin baş məşqçisi Manuel Pellegrini qeyd etdi ki, Sterlig-in komandaya gəlişi mançesterlilərin oyununu daha da sürətli etdi və bu hücumçunun alınması komanda üçün çox xeyirli bir maliyyə yatırımı oldu.

Razı hollandiyalı

Van Gaal komandasından razı qaldı.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Van Gaal komandasından razı qaldı.

City-nin qonşusu və əzəli rəqibi Manchester United-in baş məşqçisi Louis van Gaal da oyundan sonra oyunçuların alınması barədə danışdı.

Amma Pellegrini-dən fərqli olaraq, Hollandiyalı mütəxəssis komandasının gücləndirilməsinə ehtiyac olduğunu dedi.

Van Gaal hansı xəttin gücləndirilməsinin lazım olduğunu deməsə də, aydındır ki, United-in yüksək səviyyəli hücumçuya ehtiyacı var. Onun həmyerlisi van Persie Galatasaray-a satıldıqdan sonra United-in hücumda işləri heç də yaxşı deyil.

Bir tərəfdən komanda City həmşəhərlilərilə yanaşı üç turda qol buraxmayan yeganə komanda olsa da, digər tərəfdən bu üç turda United cəmi iki qol vura bildi.

İlk iki oyunun hərəsində bir qol qələbələr üçün kifayət etsə də, bu dəfə Newcastle öz qapısını toxunulmaz saxlaya bildi.

Düzdür, United-li Wayne Rooney-nin vurduğu qol səhv olaraq ofsayd qərarı ilə sayılmadı, amma mançesterlilər rəqib qapısı qarşısında yaranan qol vəziyyətlərindən daha yaxşı yararlanmalı idilər.

Rooney-yə gəldikdə isə, o, artıq doqquz oyundan çoxdur ki, qol vura bilmir ki, bu da İngiltərə millisinin əsas qol vuran ayağı üçün həddindən artıq böyük fasilə sayıla bilər.

Buna baxmayaraq, van Gaal oyundan sonra dedi ki, bu, komandanın bu mövsümdə göstərdiyi ən yaxşı oyun idi. Komanda ilk iki oyunda rəqib qapısı çərçivəsinə ümumilikdə üç zərbə vurmağa bacarsa da, bu oyunda bunu səkkiz dəfə edə bildi. Bax burada yüksək səviyyəli hücumçunun olmamasını özünü göstərdi.

Narazı portuqaliyalı

Pedro Chelsea üçün Barselonasayağı oynadı.
Şəklin alt yazısı, Pedro Chelsea üçün Barselonasayağı oynadı.

Chelsea isə deyəsən bu problemi həll edə bildi. Ötən həftə kluba Barcelona-dan keçən hücumçu Pedro ilk oyununda elə Barcelona-sayağı “fışıltılı” oyun göstərdi ki, onun səyləri Chelsea-nın rəqib meydanında West Bromwich Albion-a 3:2 hesabı ilə qələbə qazandırdı.

Pedro hesabı açan zaman 106 metrlik qaçış etdi, sonra Diego Costa-ya qol ötürməsi verdi və ümumilikdə bütün meydan boyu komandasının oyununda fəal iştirak etdi.

Gördüyünüz meydan sxemində Pedronun (solda) və ötən həftə onun yerində oynayan Ramiresin (sağda) topa toxunuşları qeyd olunub ki, bu da komandaya kimin daha xeyirli olmasının bariz nümunəsidir.

Düzdür, liqada sonuncu yerdə gedən West Bromwich londonlulara var gücü ilə müqavimət göstərdi. Komandanın hücumçusu James Morrison Chelsea-ya qarşı keçirdiyi 18-ci oyunda nəhayət ki, qol vura bildi, özü də birini yox, lap elə ikisini, amma bu da xal qazanmaq üçün kifayət etmədi.

Chelsea-nın baş məşqçisi Jose Mourinho-nun oyundan sonra dediyinə görə, West Bromwich-in xal qazanmaması “çox adamı məyus etdi, axı xalq Chelsea-nın uduzmasını sevir”.

İngiltərə mətbuatı bu bəyanatı müzakirə edərək soruşur – niyə? Yəni, niyə Mourinho bu fikirdədir?

Fənd işlədən italyan...

Şəklin mənbəyi, AP

Daimi narazılığı ilə tanınmış Mourinho-dan fərqli olaraq, ikinci yerdə gedən Leichester-in baş məşqçisi Claudio Ranieri çox razı görünürdü.

Gəl ki, onun komandası Tottenham-la oyunda yalnız heç-heçə əldə etmişdi – 1:1. Ranieri dedi ki, komandası yüksək ruha malikdir. Razıyam – gərgin mübarizədə gedən oyunun sonuna doqquz dəqiqə qalmış qapısından top buraxıb, bir dəqiqə sonra hesabı bərabərləşdirmək komandanın döyüşkən ruha malik olmasından deyir.

Və o, gələcəyə nikbin baxır: “Yeddi xalımız var, Premyer-liqada yerimizi saxlamaq üçün daha 33 lazımdır”.

Maraqlı bayənatdır, lakin Leichester-in aprelin 1-dən indiyədək Premyer-liqada ən çox xal (29) toplayan komanda olduğunu nəzərə alsaq, Ranieri-nin hiylə işlədərək, rəqiblərin onun komandasını ciddi qəbul etmək istəməməsini güman etmək olar.

...və başqaları

Sunderland bu mövsümdə ilk xalını qazandı.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Sunderland bu mövsümdə ilk xalını qazandı.

Misal üçün West Ham Premyer-liqaya uzun fasilədən sonra gəlmiş Bournemouth-u ciddi qəbul etmədiyi kimi. Çox maraqlı keçən bu oyunda qonaqlar 4:3 hesabı ilə qalib gəldilər.

Bournemouth-un hücumçusu Callum Wilson üç qol vuraraq, bu mövsümdə Premyer-liqada ilk het-trikin müəllifi oldu.

Maraqlıdır ki, bir qolunu penaltidən vuran Wilson, digər ikisini də demək olar ki 11-metrlik nöqtədən vurdu, düzdür cərimə zərbəsindən deyil, oyun vəziyyətlərindən.

Bu da, təbii ki, West Ham müdafiəçilərinə baş ucalığı gətirən fakt deyil.

Daha bir maraqlı fakt odur ki, ötən mövsümün əvvəlindən indiyədək Bournemouth çempionatın oyunlarında 17 penalti qazanıb ki, bu, İngiltərənin bütün dörd peşəkar liqasında oynayan komandalar arasında ən yüksək nəticədir.

Başqa oyunlar haqqında. Crystal Palace Aston Villa-ya 2:1 hesabı ilə qalib gəldi.

Qaliblər qolların birini künc zərbəsindən sonra vurdular ki, bu da komandaya ötən mövsüm Alan Pardew başçılıq edəndən sonra onların standart vəziyyətlərindən vurduğu qolların sayını 16-a çatdırdı.

Bu, həmin müddət ərzində Premyer-liqada ən böyük göstəricidir. Watford – Southampton və Norvich – Stoke oyunları heç-heçələrlə bitdilər.

Öz meydanında Swansea ilə 1:1 oynayan Sunderland isə bu mövsüm Premyer-liqada ilk xalını qazanmağa bacardı.

Komanda özünün “İşıq stadionu”nda (Stadium of Light) biraz da olsa, işıq üzünü gördü.

Görək bu işıq şimallıları bu mövsümdə Premyer-liqada saxlaya biləcəkmi?