Chattanooga atışması: FTB “terrorla əlaqəni görmür”

Silahlı şəxs, Mohammad Youssuf Abdulazeez Küveytdə doğulub, son illər ABŞ-da yaşayırdı.

Şəklin mənbəyi, Chattanooga

Şəklin alt yazısı, Silahlı şəxs, Mohammad Youssuf Abdulazeez Küveytdə doğulub, son illər ABŞ-da yaşayırdı.

ABŞ federal təhqiqatçıları bildirib ki, Tennessee ştatında yerləşən Hərbi Dəniz Donanmasının dörd piyadasını öldürmüş silahlı şəxsin beynəlxalq terrorçuluqla heç bir əlaqəsi yoxdur.

24 yaşlı Mohammad Youssuf Abdulazeez, Chattanooga-dakı hərbi donanmanın işədüzəltmə mərkəzinə və rezerv mərkəzinə hücum etdikdən sonra qətlə yetirilib.

Üç nəfərin də xəsarət aldığı hücumu yerli istintaqçılar "yerli terror aktı" kimi təhqiq edirlər.

Lakin FTB bildirib ki, Abdulazeez-in motivi bəlli deyil.

Hücum nəticəsində bir polis işçisi və donanmanın işədüzəltmə mütəxəssisi yaralanıb və bir qadın dənizçi hospitalda ağır vəziyyətdədir.

"Ürək parçalayan" hadisə

Prezident Barack Obama deyib ki, hücum "ürək parçalayan" hadisədir. O həmçinin əlavə edib ki, şübhəli "tək silahlıymış".

İlk güllələmə donanmanın işədüzəltmə mərkəzində yerli vaxtla 10.45-də (Bakı vaxtilə 19.45) baş verib, FTB-nin aparıcı müstəntiqi Ed Reinhold bildirib.

Bundan sonra, silahlı hadisə yerindən Ford Mustang avtomobili ilə qaçıb, lakin Chattanooga polisi onu saxlayıb.

O, ikinci dəfə donanmanın rezerv mərkəzinə hücum etdikdən sonra öldürülüb.

Abdulazeezin Küveytdə doğulduğu, lakin son illər ABŞ-da yaşadığı deyilir.

Bu ilin əvvəlində o, içkili halda avtomobil sürdüyünə görə həbs edilib.