NATO Baş katibi: Putinin hərbi ritorikası təhlükəlidir

Şəklin mənbəyi, AFP
NATO Baş Katibi Yens Stoltenberq Rusiyanın hərbi ritorikasının təhlükəli olduğunu və sabitliyin pozulmasına yönəldiyini bildirib.
"Buna görə biz qüvvələrimizin hazırlığını gücləndirirk”, Stoltenberq vurğulayıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ilin sonunadək Rusiyanın nüvə arsenalına 40-dan artıq yeni ballistik raketin əlavə olunacağını bildirmişdi.
Onun sözlərinə görə, yeni raketlər ən mükəmməl raket əleyhinə müdafiə sistemlərini vurub keçməyə qadirdir.
Rusiya prezidenti bu bəyanatla ABŞ Şərqi Avropanın NATO-ya üzv olan ölkələrdə öz hərbi qüvvələrinin sayını artırılmağı təklif edəndən sonra çıxış edib.
Eyni zamanda o ABŞ-ın Avropada qüvvələrini artırmaq niyyətini həddən artıq şişirtməməyə də çağırıb.
“Hələlik həyəcan üçün əsas görmürəm. Bizi daha çox Avropada raket əleyhinə sistemlərin yerləşdirilməsi narahat edir”, Putin deyib.
Qərb Rusiyanı Ukraynanın şərqindəki münaqişəyə müdaxilə etməkdə ittiham edir, Moskva bu ittihamları rədd edir.
Rusiyalı ekspertlərə görə, Rusiya nüvə arsenalını planlı şəkildə təzələmək niyyətindədir.
Hərbi ekspert Aleksandr Qoltsun sözlərinə görə, "Rusiya və Qərb sürətlə yeni soyuq müharibə vəziyyətinə doğru irəliləyirlər".
“Rusiya Sovet İttifaqı deyil - əhalisi qocalmaqdadır, müttəfiqi yoxdur... Ona görə Rusiyanın tək ümidi nüvə silahına qalıb", ekspert qeyd edir.
Onun fikrincə, “Moskva öz nüvə potensialını siyasi potensiala çevirməyə çalışır”.
BBC-nin diplomatiya və müdafiə məsələləri üzrə müxbiri Jonathan Marcus isə yazır kı, Qərblə gərginliyin artması fonunda Rusiya prezidenti Vladimir Putin diqqəti yenidən ölkəsinin nüvə arsenalına çəkir.
Bu qismən Rusiyanın adi silahlar sahəsində davam edən zəifliyinin təzahürüdür.
Strateji nüvə silahlarının əhəmiyyətli müasirləşdirilməsini həyata keçirməkdə olan Moskva istismara ballistik raket, bombardmançı təyyarələr və yeni sualtı qayıqlarını verir.
Son illər ərzində, köhnəlmiş silah növlərinin xidmətdən geri çağrılması nəticəsində Rusiya cəbbəxanasının ümumi həcmi azalır. Hərçənd ki, bu proses yaxın gələcəkdə yekunlaşa bilər.
Rusiyada baş verənlər digər nüvə dövlətlərində çoxsaylı suallar yaradır.
Qərbi ən çox narahat edən Rusiya ritorikasında yenidən nüvə silahına edilən vurğudur.
Moskva Krımda qısa-məsafəli nüvə raketlərinin yerləşdirilməsilə hədələyir.
Eyni zamanda Rusiya öz ərazisində ballistik raketlərdən müdafiə sistemi yerləşdirəcək NATO ölkələrinin hədəfə alınacağını bildirir, Jonathan Marcus qeyd edir.




