Rusiya ballistik raketlərin sayını "artıracaq"

Prezident Vladimir Putin ilin sonunadək Rusiyanın nüvə cəbbəxanasına 40-dan artıq ballistik raketin əlavə olunacağını bildirib.

Bu qərardan əvvəl ABŞ Şərqi Avropadakı NATO ölkələrində öz hərbi qüvvələrinin sayının artırılmasını təklif edib.

Rusiyanın şərqi Ukraynadakı münaqişədə roluna görə, Qərb və Rusiya arasında münasibətlər gərgindir.

Rusiya rəsmiləri xəbərdarlıq ediblər ki, ABŞ Şərqi Avropada ağır hərbi avadanlıq saxlamaq planını davam etdirsə, ona cavab verəcək.

Rusiya lideri ballistik raketlərin sayının artırılacağı barədə Moskva yaxınlığında çərşənbə axşamı keçirilmiş hərbi texnika sərgisindəki çıxışı zamanı bildirib.

Vladimir Putinin sözlərinə görə, yeni raketlər ən müasir sistemlərin müdafiəsini dəf edib keçməyə qadir olacaq.

NATO və Qərb ölkələri Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst döyüşçülərə, tank və raket sistemləri də daxil olmaqla, silah göndərməkdə suçlayırlar. Rusiya ittihamları təkidlə rədd edir.

“Təəssürat budür ki, NATO ölkələrindən olan həmkarlarımız bizi silah yarışmasına sürükləyirlər”, - RİA Novosti agentliyində Rusiya müdafiə nazirinin müavini Anatoli Antonovun sözlərindən iqtibas gətirilir.

Təhlil - Jonathan Marcus, diplomatiya və müdafiə məsələləri üzrə BBC müxbiri

Qərblə gərginliyin artması fonunda Rusiya prezidenti Vladimir Putin vurğunu yenidən ölkəsinin nüvə cəbbəxanasına edir.

Bu qismən Rusiyanın adi silahlar sahəsində davam edən zəifliyinin təzahürüdür.

Strateji nüvə silahlarının əhəmiyyətli müasirləşdirilməsini həyata keçirməkdə olan Moskva istismara ballistik raket, bombardmançı təyyarələr və yeni sualtı qayıqlarını verir.

Son illər ərzində, köhnəlmiş silah növlərinin xidmətdən geri çağrılması nəticəsində Rusiya cəbbəxanasının ümumi həcmi azalır. Hərçənd ki, bu proses yaxın gələcəkdə yekunlaşa bilər.

Rusiyada baş verənlər digər nüvə dövlətlərində çoxsaylı suallar yaradır.

Qərbi ən çox narahat edən Rusiya ritorikasında yenidən nüvə silahına edilən vurğudur.

Moskva Krımda qısa-məsafəli nüvə raketlərinin yerləşdirilməsilə hədələyir. Eyni zamanda Rusiya öz ərazisində ballistik raketlərdən müdafiə sistemi yerləşdirəcək NATO ölkələrinin hədəfə alınacağını bildirir.