ABŞ ilə Kuba arasında bərə daşımaları bərpa olunacaq

Şəklin mənbəyi, AFP

ABŞ-ın Florida ştatı ilə Kuba arasında son 50 ildə ilk dəfə olaraq bərə nəqliyyat əlaqəsi işə düşəcək.

İki dövlət arasında bərə əlaqəsi ticarət embarqosuna görə 1960-cı ildə kəsilmişdi.

2014-cü ilin dekabr ayında Vaşinqton Havana ilə diplomatik münasibətlərin bərpa olunmasını elan etmişdi.

Embarqo qaldırılandan sonra dörd şirkət bərə daşımalarına lisenziya aldıqlarını bildirib.

Havanadakı BBC müxbirinin sözlərinə görə ABŞ ilə Kuba arasında bərə nəqliyyat əlaqəsi yalnız bir neçə aydan sonra başlaya bilər.

"United Americas Shipping Services" şirkətinin prezidenti Joseph Hinson-un sözlərinə görə bərə nəqliyyatı bu ilin sentyabr ayında işə düşə bilər.

Bərə vasitəsilə iki ölkə arasında sərnişin və yük daşımalarının həyata keçiriləcəyi nəzərdə tutulub.

Ötən ay Panamada keçirilmiş "Amerikalar sammiti" çərçivəsində baş tutmuş Barak Obama ilə Raul Kastro arasında "tarixi görüş" 1 saatdan artıq davam etmişdi.