Panamada ABŞ və Kuba rəhbərlərinin "tarixi görüşü" baş tutub

Şəklin mənbəyi, EPA
Panamada keçirilən "Amerikalar sammiti" çərçivəsində ABŞ prezidenti Barak Obama və Kuba rəhbəri Raul Kastro təkbətək görüş formatında danışıqlar aparıblar.
İki ölkə liderləri arasında 1959 iıldən bəri bu, ilk birbaşa ikitərəfli görüş olub.
O zaman, Kubada təzəcə hakimiyyətə gəlmiş Fidel Kastro ABŞ-ın o dövrdəki vitse-prezidenti Riçard Nikson ilə görüşmüşdü.
Müşahidəçilərin pronozlarının əksinə olaraq, ABŞ prezidenti Barak Obama görüşdən sonra bildirib ki, Kubanın adını terrorçuluğu dəstəkləyən dövlətlər siyahısından çıxarılıb-çıxarılmaması üzərində o, "hələ düşünməlidir".
Qeyd olunan "qara" siyahıdan o və ya bu dövlətin adının çıxarılması həmin dövlətlə ABŞ arasında tam miqyaslı diplomatik münasibətlərin qurulması üçün əsas şərt sayılır.
Obama-Kastro görüşü Panama paytaxtında şənbə günü keçirilmiş "Amerikalar sammitində" təşkil edilib və 1 saatdan artıq davam edib.
