Azərbaycanda din azadlığı: "Azlıqlar və təriqətlər sıxışdırılır"

Şəklin mənbəyi, Aziz Karimov

ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyası (The U.S. Commission on International Religious Freedom - USCIRF) 2015-ci il üçün hesabatını açıqlayıb.

Bu, komissiyanın təşkilindən bəri 16-cı hesabatdır.

Builki hesabatda 33 ölkə əhatə olunub. Bunların arasında Azərbaycan da var.

Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, 2014-2015-ci illər ərzində ölkədə vətəndaş cəmiyyəti nümayəndələrinin, dini qrupların dinc üzvlərinin həbsləri və onların repressiyası xüsusilə güclənib.

Qeyd edilir ki, 2014-cü ildə ölkə parlamenti QHT-lərin qeydiyyatını və fəaliyyətini son dərəcə ağırlaşdıran məhdudiyyətlər haqqında qanun qəbul edib.

Hakimiyyət həmçinin dini qrupların Dini Təşkilatlarla İş üzrə Dövlət Komitəsi qarşısında hesabatlığını və tabeçiliyini gücləndirib.

Hökumət bu tədbirləri dini ekstremizmin yayılmasının qarşısını almaq istəyi ilə izah edir.

"Başqa azadlıqlar kimi"

Bu da vurğulanır ki, Avropa Şurası və BMT İnsan Haqları Komissiyası Azərbaycanda insan haqlarının vəziyyətinin “tamamilə qeyri-məqbul” olduğunu bildiriblər.

Hesabatda deyilir ki, hakimiyyət dini azadlıqlar barədə 2009-cu il qanunundan dini azadlıqların məhdudlaşdırılması, polis reydlərinə, həbs və mühakimələrə haqq qazandırılması üçün istifadə edir.

Dini qrupların qeydiyyatının son dərəcə mürəkkəbləşdirildiyi xüsusi qeyd olunur.

Bu da bildirlir ki, 2010-cu ildə dini təşkilatlar üçün inzibati cərimələr 16 dəfə artırılıb.

“Standart həbslər”

Beynəlxalq qurumlar Azərbaycanda din haqqında qanunun bu ölkənin beynəlxalq öhdəliklərinə və beynəlxalq standartlara uyğun gəlmədiyi qənaətindədirlər.

Bu qanuna görə təşkilatın qeydə alınmaması onu avtomatik olaraq qadağan edilmiş təşkilat statusuna salır.

Hesabatda bildirilir ki, başqa vətəndaş cəmiyyəti fəallarına qarşı istifadə olunan narkotik və xuliqanlıq kimi qondarma ittihamlar dindarlara da şamil edilir.

Hesabatda qeyd olunur ki, hakimiyyətin sünnilərin ibadət ocaqları üzərinə hücumları davam edir.

Qeyd edilir ki, Bakıdakı iki sünni məscidindən biri olan Ləzgi məsçidi bağlanmaq təhlükəsi ilə üzləşib.

Lüteran kilsəsi – konsert zalı

Sənəddə qeyri-müsəlman dinlərin də fəaliyyətinə əngəl törədildiyi göstərilir.

Bir sıra xristian təriqətlərin qeydə alınmasından əsas göstərilmədən imtina edilib.

Hesabatda deyilir ki, Qax rayonundakı iki gürcü pravoslav icması qeydə alınsa da, yerli icra hakimiyyəti üç pravoslav gürcü kilsəsində gündəlik ibadəti 30 dəqiqə ilə məhdudlaşdırıb.

Sənəddə göstərilir ki, Mədəniyyət Nazirliyi Bakıda müsadirə olunmuş Lüteran Kilsəsindən konsert zalı kimi istifadə edir və bu kilsədə dini mərasimlərin keçirilməsi məhdudlaşdırılır.