Sumqayıt: atışmada tutulan dindarlara əlavə ittihamlar verilir

Sumqayıtda aralarında silahlı münaqişə yaşandığı üçün saxlanılan ondan çox dini təriqət üzvünə əlavə ittiham irəli sürülüb. Bunu BBC Azərbaycancaya vəkil Fariz Namazov deyib.
"Bu günə qədər onlar xuliqanlıqda ittiham edilib, bəzilərinə "ölümə cəhd" maddəsi verilib. Amma indi əlavə olaraq qanunsuz silah saxlama maddəsi elan olunub"
Çünki deyilir ki, onların evində silah "tapılıb", vəkil deyir.
Cənab Namazlının sözlərinə görə, saxlanılanların həbs müddəti iyunun 15-də bitir və istintaq sonuclanmadığından müddətin artırılacağı gözlənilir.
Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, dekabrın 11-də Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə "Xəvarici" və "Sələfi" təriqətinin üzvləri arasında fikir ayrılığı zəminində münaqişə baş verib və on iki nəfər saxlanılıb. "Çay evi"nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib.
Həmin vaxt saxlanılanlar Cinayət Məcəlləsinin "Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə" maddəsilə təqsirli bilinir.
