"Ölümdən sonra Facebook": Biz öləndə rəqəmli irsimiz nə olacaq?

Şəklin mənbəyi, n
- Müəllif, Clive Coleman
- Vəzifə, BBC-nin hüquq məsələləri üzrə müxbiri
Keçmişlərdə biz əziz xatirələrimizi foto albomlarında və gündəlik dəftərlərində saxlayardıq. Bunlar öz arzumuzla kiməsə vəsiyyət oluna biləcək şeylər idi.
Lakin indi, virtual dünyada olan xatirələrimiz – hisslərimiz, düşüncələrimiz və şəkillərimiz İnternetin dörd səmtinə yığılıb - Facebook, Twitter, Instagram və WhatsApp-a.
Lakin bunların sahibi kimdir?
Biz necə edə bilərik ki, bütün bunlara varis kimi gördüyümüz adamlar, sevdiklərimiz sahib olsunlar.
Louise Palmer bunun nə qədər çətin olduğunu yaxşı bilir.
Onun 19 yaşlı qızı Becky öz həyatını Facebook-da paylaşmağı sevən birisi idi.
O, beyin şişindən ağır xəstə düşüb nitq və hərəkətini itirəndə Louise İnternetə girib Becky-nin öz dostları ilə təmasına köməklik edərdi.
Becky 2010-cu ildə vəfat etdi, lakin Louise qızı ilə yaxınlığını itirməmək üçün onun hesabına daxil olmaqda davam etdi.
"Bu çox mühüm idi", deyir Louise. "Övlad itirmək dünyanın ən böyük itkisidir. Ən çox qorxduğun da bu olur ki, başqaları onu unudacaqlar. Və sən hər dəfə onun səhifəsinə daxil olub adamların orada yazdıqlarını oxuyur, göndərdikləri mesajları görürsən. Bu mənə təsəlli verirdi ki, qızımı unutmayıblar".
Xatirələnmiş hesab
Lakin sonra Facebook Beckynin hesabanı bağladı və ya belə demək mümkündürsə, "xatirələdi".
Louise onlara yazdı və qızının necə öldüyündən söz açdı. Başa salmağa çalışdı ki, onun şəxsi mesajlarını oxumaqda, səhifəni səliqəli saxlamaqda davam etmək istəyir.

Şəklin mənbəyi, n
O belə bir cavab aldı: “Salam Louise, biz sizin itkinizə çox acıyırıq. Lakin siyasətimizə uyğun olaraq vəfat etmiş istifadəçilərin hesablarını xatirəyə çeviririk. Bunu ona görə edirik ki, onun profilini yalnız dostları görüb axtarışa verə bilsinlər. Facebook hesabının “divarı” qalır. Dostlar və ailə üzvləri orada yaza və xatirə postlarını buraxa bilərlər. Təəssüf ki, biz profilə dəyişiklik edə və hesabın parol informasiyasını verə bilmərik. Bunun yarada biləcəyi hər hansı narahatlıq üçün üzr istəyirik. Əgər yenə də sualınız olsa, lütfən müraciət edin. Facebook-la əlaqəyə girdiyinizə görə çox sağ olun”.
Bilməzlik
Louise bundan sonra Facebook-un yaradıcısı Mark Zuckerbergə də yazıb, lakin cavab almayıb.
Britaniyanın YouGov ictimai rəyi öyrənmə mərkəzinin apardığı sorğu adamların əksəriyyətinin İnternetdəki materiallarının sahibinin kim olduğunu bilmədiyini göstərib.
Adamların dörddə biri bundan tamamilə xəbərsizdir. Hər üç adamdan biri isə düşünür ki, bizim ölümümüzdən sonra materiallarımız Facebook-un mülkiyyətinə çevrilir.
Elə isə İnternetdəki materialların sahibi kimdir?
"Mishcon de Reya" hüquq firmasından Mark Keenan deyir ki, bu, tamamilə minalanmış sahədir, yeni cəbhə xəttdir.
"Adamlar sadəcə olaraq şərt və qaydaları oxumurlar və buna görə də xidmət provayderləri ilə İntrenet irsi uğrunda mübarizə aparan ailə üzvləri arasında çəkişmələr artmaqdadır", deyir hüquqşünas.
Hazırda İnternet provayderləri arasında rəhmətə gedənlərin rəqəmli mülkiyyətinin onların varisinə keçməsini təmin edən standart praktika yoxdur.
Aydın təlimatlar
Ötən il Hüquq Cəmiyyəti adamlara tövsiyə edib ki, öz sosial mediaları, kompüter oyunları və başqa İnternet hesabları barədə vəsiyyət hazırlasınlar.

Cəmiyyət vurğulayırdı ki, email, bank, investisya və sosial şəbəkə hesabları barədə məlumatı yazıb saxlamaqda fayda var. Belə olduqda, ölənin yaxınları onun rəqəmli irsini bir yerə toplamaq, rəhmətliyin ruhunu şad etmək imkanı qazanırlar.
Axı itib-batan heç də təkcə sentimental materiallar olmaya bilər.
Rəqəmli mülkiyyətə real pul dəyəri olan materiallar – musiqi, filmlər, email hesabları, kompüter oyunlarının fərdi qəhrəmanları, domeyn adları, təyyarə biletləri üçün güzəşt balları, PayPal və Bitcoin hesabları da aid ola bilər.
Bu heç də xırda məsələ deyil.
Məsələn, "Project Entropia" adlı bir kompüter oyununda virtual kosmik gəmi 330 min dollara satılıb. Hərçənd, belə mülkiyyətin varisə necə keçməsi məsələsi oyunun şərtlərindən də asılı olur.
"Wills and Equity Committee" hüquq cəmiyyətindən Gary Rycroft deyir ki, adamlar ailə üzvlərinin onların rəqəmli həyatını harada axtarmaq lazım olduğunu bildikləri barədə gümanlara arxayın olmamalıdırlar. Hüquqşünas bu məsləhətləri verir:
"Əgər sizin Twitter hesabınız vardırsa və bu barədə aydın təlimat yazıb qoymusunuzsa, ailəniz onu asanlıqla bağlatdıra bilər".
"Əgər sizin İnternet bank hesabınız vardırsa, nümayəndəniz onu bağlatdıra və varisləriniz onlara çatacaq pulu hüquqi qaydada ala bilərlər".
"Bu öz parollarınızı və ya identifikasiya nömrələrinizi – pin kodunuzu yazıb qoymaqdan daha yaxşıdır ki, sizdən sonra bu hesaba girmək istəyən nümayəndənizi cinayətdə ittiham etməsinlər".
"Buna görə də İnternet hesablarınızın adını yazıb saxlamanız və lazım gəldikdə təzələməniz vacibdir".
Parollar sirr kimi qalır
Biz çox vaxt parollarımızı başqalarına demirik.
Buna görə də YouGov-un apardığı araşdırma göstərib ki, başlarına bir iş gələrsə, adamların 52 faizinin yaxınları onların İnternet bank hesablarına daxil ola bilməyəcəklər.

Fevral ayında Facebook ABŞ-dakı istifadəçilərinə belə bir xidmət təklif edib ki, öləndən sonra ya hesabları bağlansın, ya da müəyyən hissəsi dosta və ya qohuma ötürülsün.
Lakin başqa yerlərdə belə deyil.
Mənə göndərilmiş cavabda deyilirdi ki, "şəxs vəfat edəndə onun hesabı bu şəxs üçün xatirə səhifəsinə çevrilir".
Onun profili daha heç bir ictimai məkanda görünmür və hüznlü dost və yaxınlar əzizlərinin kommentlərinə, fotolarına və postlarına baxa bilməkdə davam edirlər.
Lakin bütün bunlar Becky Palmerin hesabındakı “şəxsi mesajlara” aid deyil və Louise bir ana olsa da onun bu hesabı idarə etmək ixtiyarı yoxdur.
Qızına aid bir çox əziz xatirələrinin İnternetdə kilidli olduğu bir vaxtda Louise Palmer evdəki bir neçə ailə videosu ilə təsəlli tapır.
O başa düşür ki, istifadəçinin ölümündən sonra üçün Facebook-un öz şəxsi sirlər siyasəti var. Heç də hamı ondan sonra İnternetdəki şəxsi həyatının kiminsə bilməsini istəmir.
Lakin ana deyir ki, qızı ilə onun arasında heç bir sirr olmayıb.
Onlar həyatda hər şeylərini bölüşüblər.
Louise mənə deyir: "Mən onun anasıyam və bu da onun Facebook səhifəsi olub. Mən düşünürdüm ki, indi bunlar varis kimi mənə keçəcək. Onun İnternetdəki materialları indi mənə çatmalıdır. Mən o səhifəyə girişə malik olmalıyam…"
Rəqəmli xatirələr
Yenicə başlananda sosial şəbəkələr daha çox kompüter aludəsi olan gənclərin məkanı idi.
İnsanlar İnterneti şəxsi materialları ilə doldururdular və düşünmürdülər ki, onların ölümündən sonra bütün bunlar nə olacaq?
İndi sosial şəbəkələnmə və İnternet öz uşaqlıq dövrlərindən çıxıblar və biz də heç şübhəsiz rəqəmli, həm də dünyəvi irsimizi kimə buraxıb getdiyimizi bilməliyik.




