Facebook şəxsi yazışmaları izləməkdə ittiham olunur

Facebook

İstifadəçilərin şəxsi yazışmalarını izləmək ittihamı ilə bağlı Facebook-a qarşı məhkəmə iddiası qaldırılıb.

İddiaya görə, istifadəçilər şəxsi mesaj vasitəsilə başqa bir saytın linkini paylaşarkən, Facebook, göndərən şəxsin veb fəaliyyətinin profilini yaratmaq məqsədilə onu skan edir.

İddia olunur ki, müntəzəm şəkildə şəxsi mesajları izləyən sosial şəbəkə marketinq və reklam şirkətlərilə bölüşdüyü məlumata görə mənfəət əldə edir.

Facebook iddiların “əsassız olduğunu” bildirib.

İddiaçılar qarşılıq olaraq hər bir istifadəçiyə 10 min dollarlıq kompensasiya və yaxud da məxfilik hüququnun pozulduğu güman edilən hər bir günə 100 dolların ödənilməsini tələb edirlər.

Bu həftənin əvvəlində istifadəçilərin bir qrupu tərəfindən qaldırılmış iddiada deyilir ki, Facebook üzvlərin internet aktivliyini təhlil etmək məqsədilə şəxsi mesaj vasitəsilə kənar saytlara göndərilən linkləri skan edib.

“Facebook yazışmanın asanlaşdırılması ilə əlaqədar olmayan məqsədlərlə” istifadəçilərin şəxsi mesajlarını izləyir, müstəqil araşdırmaya istinad edən iddia müəllifləri bildirir.

Məxfilik siyasəti

İddiaçılara əsasən nəzarətdən azad olan məkanda yazışdığını güman edən istifadəçilər başqa şərtlərlə məxfi saxlanılacaq şəxsi məlumatlarını açıqlayıblar.

Bu ilk dəfə deyil ki, Facebook məxfilik siyasətinin pozulmasında ittiham olunur.

Ötən il sentyabr ayında sosial şəbəkə reklam elanlarında ad, foto və başqa şəxsi məlumlatların istifadəsini qanuniləşdirəcək dəyişiklərin təklifinə görə tənqid olunub.

Facebook təşəbbüsünü məxfilik siyasətinin aydınlaşdırılması üçün təklif etdiyini bildirib.