Facebook başkəsmə səhnələrinin dərcinə qoyduğu qadağanı götürüb

Sosial şəbəkə insan başının kəsilməsini əks etdirən videokliplərin Facebook-da dərc olunması və paylaşılmasına icazə verib.
Facebook bu ilin may ayında çoxsaylı şikayətlərdən sonra bu qəbildən olan videomateriallara səhifələrində müvəqqəti olaraq qadağa qoymuşdu.
Şikayətçilər bu cür videoların insan psixikasına, ilk növbədə, gənc istifadəçilərin psixoloji durumuna ağır təsir bağışladığını qeyd edirdilər.
ABŞ şirkəti Facebook qadağanın ləğv edildiyini təsdiqləyərək, bildirib ki, şəbəkə istifadəçilərinə azad seçim etmək imkanının təmin edilməsini, o cümlədən, qeyd edilən videolara baxmaq və pisləmək imkanını hər şeydən üstün tutur.
Facebook hazırda həmin videoların xəbərdarlıq yazıları ilə müşayiət edilməsi üzərində düşündüyünü də əlavə edib.
Yellow Ribbon Program intihar əleyhinə xeyriyyə cəmiyyəti Facebook-un bu qərarını tənqid edərək pisləyib.
Təşkilatın Şimali İrlandiya şöbəsinin rəhbəri, keçmiş psixoloq doktor Arthur Cassidy qeyd edir ki, “bu cür videolar xüsusilə gənclərin psixikasında ağır iz buraxır”.
Ekspert xatırladır kı, Facebook şəbəkəsinə insanlar yeniyetmə yaşlarında, 13 yaşdan başlayaraq qoşulmaq imkanına malikdirlər.
Facebook qaydalarının dəyişməsi barədə BBC-ə xəbər sosial şəbəkə istifadəçilərindən çatıb.
Facebook-da yerləşdirilmiş videoda Meksikadakı maskalı kişi qadının başını kəsir.
Yeni qaydalar
İstifadəçilərin bir qisminin həmin videonu yığışdırmaq tələblərinə baxmayaraq şəbəkə dəhşət dolu klipə dəyməyib.
Ötən həftə Faqcebook-da yerləşdirilmiş həmin video: “Sınaq: Bu videoya kim baxa bilər?” başlığı altında dərc edilmişdi.
İstifadəçilərin çoxu videoklipi səhifədən yığışdırmağı tələb edib.
“Səhifənizdən bu videonu yox eləyin, gənclərə bu ağır təsir göstərə bilər”, istifadəçilər Facebook-un həmin səhifəsində yazıb.
Lakin Facebook tərəfindən videomateriallara qadağa qoyula bilməsi ideyasının özü artıq bəzi hüquq müdafiəçilərinin narahatlığına səbəb olub.

Söz azadlığı kampaniyası fəalları güman edir ki, zorakı səhnələri əks etdirən videomateriallardan gəncləri qorumaqla bağlı məsuliyyət sosial şəbəkələr yox, həmin gənclərin valideyinlərinin üzərinə düşür.
Fransanın “La Quadrature du Net” rəqəmsal hüquqların müdafiəsi qrupu Facebook-un istənilən videonu səhifəsindən yığışdıra bilməsindən ciddi narahat olduğunu bəyan edib.
Təşkilatın həmsədri Jeremie Zimmermann hesab edir ki, “bu Facebook-un istənilən materiala qadağa qoymaq üçün nə dərəcədə geniş imkanlara malik olduğunu göstərir”.
Onun qənaətincə, səbəbindən asılı olmayaq, belə addımların atılması qeyri-demokratik olardı.
“Çünki qanunun aliliyi fundamental azadlıqların yalnız Ədliyə hokmü ilə məhdudlaşdırıla biləcəyini nəzərdə tutur”, Jeremie Zimmermann vurğulayıb.
Facebook-un münasibəti
"Facebook uzun müddət insanların gördükləri və öyrəndikləri təcrübə ilə paylaşması yeri olub, xüsusən də bu insan haqlarının pozulması, terror aktları və digər zorakılıq hadisələrinə aiddir", Facebook sözçüsü bildirib.
"İnsanlar bucür videoları paylaşaraq həmin materiallarda əks olunan hərəkətləri tənqid edir və pisləyirlər. Əgər istifadəçilər videoda əks olunmuş həkətləri tərifləsəydi, yaxud təşviq etsəydi, bizim bu məsələyə yanaşmamız fərqli olardı", sözçü vurğulayıb.
"Lakin bəzi insanlar bu qəbildən olan video materiallara etiraz bildirdiklərindən, biz istifadəçilərə belə metariallarla rastlaşdıqda daha çox nəzarət funksiyalarının verilməsi üzərində iş aparırıq. Misal üçün, söhbət, istifadəçilərə əvvəlcədən videoklipin məzmunu, həmin videoda zorakılıq səhnələrinin mövcudluğu barədə xəbərdarlıq edilməsindən gedə bilər", Facebook rəsmisi bildirib.




