Facebook ən yaşlı üzvünü itirdi

Lillian Lowe

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Lillian Lowe bu yaşını qeyd edəcəkdi.

Dünya üzrə 845 milyon üzvü olan sosial paylaşma saytı Facebook ən yaşlı üzvünü itirib.

Keçən il Facebooka üzv olan Lillian Lowe 104 yaşında vəfat edib.

103 yaşında ikən Facebooka üz olmasına dair xəbər mətbuatda açıqlanandan sonra minlərlə insan Lowe-un səhifəsini ziyarət etmişdi.

Təqaüddə olan keçmiş mehmanxana sahibəsi Lillian Lowe ailəsinin digər üzvlərilə Facebook vasitəsilə ünsiyyət qurmaq üçün iPad tabletindən istifadə edirdi.

1907-ci ildə doğulmuş Lowe-un Facebook səhifəsində 42 dostu vardı və onlardan çoxu ailə üzvləri idi.

Keçən il Facebookun ən yaşlı üzvlərindən biri olaraq mətbuatın diqqətini cəlb edən Lowe həftədə iki dəfə Facebook səhifəsinə baş çəkdiyini və bunun beynini çalışdırmağa yardımçı olduğunu söyləmişdi.

Lowe Facebook və kompüter haqda "onları çox sevirəm, çox həyəcan vericidir. Yeni şeylər öyrənmək üçün əla bir yoldur. Amma eyni zamanda böyük bir zaman israfıdır" demişdi.

Lillian Lowe bu ay 105-ci doğum gününü qeyd edəcəkdi.

Ailəsi onun qısa bir xəstəlikdən sonra xəstəxanada öldüyünü bildirib.