2022 Dünya Kuboku "noyabr və dekabrda keçirilməlidir"

Şəklin mənbəyi, EPA
2022-ci ildə Qətərdə keçiriləcək Dünya Kuboku noyabr və dekabr aylarında keçirilməlidir, FIFA-nın xüsusi məsləhətçi qrupu tövsiyə edib.
Qətərdə tədbirin yay aylarında keçirilməsi oyunçuların və azarkeşlərin sağlamlığını təhlükə altında qoya bilər deyə yüksək rütbəli futbol rəsmiləri Dohada bəzi seçimləri müzakirə ediblər.
İyun və iyul aylarında Qətərdə hava 40 dərəcəni aşır.
Xüsusi məsləhətçi qrupun başçısı Şeyx Salman bin Ebrahim Əl-Xalifa həmçinin tövsiyə edib ki, 2022-ci ildə turnirin müddəti bir neçə gün azaldılsın.
Amma turnirdə iştirak edəcək ölkələrin və ya oyunların sayını azaltmaq barədə planlar yoxdur.
Tövsiyə FIFA icraiyyə komitəsi tərəfindən gələn ay ratifikasiya ediləcək.
Bu xəbər Avropanın bəzi futbol liqalarını məyus edəcək. Onlar turnirin aprel-may aylarında keçirilməsini istəyirdilər ki, öz yerli proqramları mümkün qədər az pozulsun.
Turnirin yanvar-fevral aylarında keçirilməsi də müzakirə olunurdu, lakin həmin aylarda Qış Olimpiya Oyunları keçiriləcək deyə iki tədbir eyni vaxta düşə bilər.




