#BBCAzeriTrending: Qahirədə Rusiya himni misirliləri utandırıb

Şəklin mənbəyi, Reuters
Vladimir Putinin Qahirəyə iki günlük səfərindən sonra ona verilən "əfsanəvi ziyafət" plana uyğun gedirdi ki, birdən Misir sosial mediasında partlayış baş verdi.
Social media istifadəçiləri ölkənin ordu orkestrinin rəsmi ziyafət mərasimində Rusiya himnini xaric notlarla çalmasından qəzəblənib və utanıb.
Bəziləri Twitter-də utancını izhar etdiyi halda, digərləri bu hadisə ilə bağlı zarafatlar ediblər.
Himn çalınarkən, mərasimdə Misir prezidenti ilə yanaşı dayanan Putin üzünü xeyli ciddi tutub, ancaq bir məqamda gözlərini yumub və yerə baxıb.
Twitter istifadəçisi @Ashrafsabbagh şərhində zarafatla deyir ki, Misirdə musiqi naziri var. Sonra isə o, bu xəyali şəxsdən sitat gətirir: "Söz veririk ki, Rusiya milli himni ilə bağlı vəziyyət təkrarlanmayacaq. Bu səfər qəflətən baş verdi və musiqiçilərin məşq etməyə vaxtı çatmadı. Şükür Allaha ki, onlar ABŞ milli himnini çalmayıblar".
@yasserelhawary isə yazıb: "Əl-Sisi üçün daha bir münaqişə".
Bəzi istifadəçilər Rusiya himnini Misirdə çalınan variantla müqayisə etmək üçün sosial mediada himni paylaşıblar.




