Uşaqlara vurma cədvəlini öyrətmək lazımdırmı?

Kalkulyatorlar

Şəklin mənbəyi, Other

Şəklin alt yazısı, Kalkulyatorlar 1970-ci illərdən peyda olub.

Britaniyada ibtidai məktəbi bitirmiş uşaqların nə kimi bilik və vərdişlərə malik olmalı olduqları barədə məsələ siyasi debatların mövzusu olaraq qalır. Britaniyanın təhsil naziri Nicky Morgan deyib ki, uşaqlar ibtidai məktəbi bitirərkən, yəni 10-11 yaşlarınadək, artıq vurma cədvəlini bilməlidirlər.

Lakin kalkulyatorların və Smartfonların olduğu bir zəmanədə uşaqlara bu cür bacarıqlar gərəkdirmi? 21-ci əsrin iş yerlərini tutmaq üçün uşaqlar nələri öyrənməlidirlər?

BBC-nin ictimai məsələlər üzrə müxbiri John McManus bu suala cavab tapmaq üçün məktəbə qayıtmalı olub: "Kalkulyatorlar Qərb ölkələrinin sinif otaqlarında 1970-ci illərdə peyda olub".

Onları bundan əvvəl də almaq olurdu, lakin qiymətlər və ölçülər azaldıqca kalkulyatorların sayı artmağa başladı.

Məhz bu məqamda onlardan məktəblərdə istifadə sualı ortaya çıxdı.

Əgər uşaqlar kalkulyatorun düymələrini basmaqla riyaziyyat məsələlərini tezcə həll edə bilirdilərsə, onların bu məsələləri beyinlərində həll etməyi öyrənmələrinə ehtiyac vardımı?

Eyni dilemma mini-kompüterlərə də şamil edilə bilər. Bu cihazların mövcudluğu uşaqların riyaziyyatın prinsiplərini öyrənmələrinə mane olurmu?

Kalkulyatorlar dünyanın bir çox yerlərində artıq keçmişin əlamətidir və onların yerini noutbuklar və planşetlər tutub.

Lakin uşaqların zehni bacarıqları barədə suallar hələ də açıq qalır.

Uşaqlar İnternet və kodlaşdırma kimi yeni texnologiyaları yaratmağı bacarmalıdırlarmı?

Əllə yazmağa yenə də əvvəllər olduğu kimi əhəmiyyət verilməlidirmi, yoxsa 21-ci əsrə kompüterdə yazmaq daha uyğundur?

Ölkənin biznes liderlərinin Nicky Morgan-ın bəyanatına şərhləri tanış səslənirdi.

Onlar daim gileylənirlər ki, Britaniya yeniyetmələri məktəbi sənayedə lazım olan vərdişləri öyrənmədən bitirirlər.

Britaniya Sənayeçiləri Konfederasiyasından (BSK) John Cridland yaydığlı bəyanatda bildirir ki, yazıb-oxumaq və hesablamaq qabiliyyəti, təəssüf ki, bu gün də problem olaraq qalır.

Keçmişlərdə də BSK yeniyetmələri sadə insan vərdişlərinə, məsələn, ünsiyyət qurmaq və şəxsi münasibət yaratmaq kimi keyfiyyətlərə malik olmadıqlarına görə məzəmmət edib.

Smartfon

Şəklin mənbəyi, Other

Şəklin alt yazısı, Smartfon olan yerdə, kalkulyator kimin nəyinə lazımdır?

BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı – UNESCO razılaşır ki, yazmaq, oxumaq və hesab mühüm təməl daşlarıdır.

Buna baxmayaraq, təşlkilatın Öyrənmə və Müəllimlər sektorunun rəhbəri Maki Hayashikawa deyir ki, texnologiyalar insanların həyatında daha böyük rol oynamağa başlayıb.

Avtonom öyrənənlər

Buna bizim həyatımızı dəyişdirən bütün başqa vasitələr kimə ehtiyatla yanaşılmalıdır.

“Uşaqlara texnologiyanın təməl anlayışı verilməlidir ki, onlar həmin texnologiyanın əsirinə çevrilməsinlər”.

Lakin bir çox ölkələr üçün texnologiyalar çətin yetişilən məqsədlərdəndir.

“Biz diqqətimizi oxumaq, yazmaq və hesab üzərində cəmləşdiririk, lakin bəzi ölkələr bundan irəli gedə bilmirlər. Ya vəsait və imkanları yoxdur, ya da müəllimləri bu biliklərə malik deyillər” – deyir xanım Hayashikawa.

Bəzi şərhçilər üçün uşaqların öz biliklərindən necə istifadə etməli olduqları, onların bu bilikləri əldə etməsi qədər mühümdür.

Parisdə mənzillənmiş Education International təşkilatının məsləhətçisi John Bangs dünya boyunca müəllimləri təmsil edir.

O deyir ki, beynəlxalq təhsil reytinqlərində yaxşı nəticələrə malik ölkələr eyni platformanı bölüşürlər.

"Sinqapur, Kanada, Finlandiya – bunların hamısı diqqətlərini avtonom öyrənən uşaqlar üzərində cəmləşdirirlər.

“Bu uşaqlar özlərinə sualllar verə bilir, faktları öyrənir, lakin həm də biliklərini tətbiq edə bilirlər”.

Əgər problemi həll etmənin tətbiqi, öyrənmənin mühüm hissəsidirsə, onda Çinin oyuncaq bazarı maraqlı hadisə sayıla bilər.

Lego – uşaqların kubik oyuncağı – Çin bazarına elə bir vaxtda çatmışdı ki, onun Şimali Amerikadakı bazarı artıq tükənirdi.

Bacarıqlı əllərlə kubiklərdən qatarlardan kosmik gəmilərədək ən müxtəlif əşyaları düzəltmək olar.

Honq Konqda və Avropada filialları olan LGBT Capital şirkətinin İnvestisiya və Araşdırma Şöbəsinin rəhbəri Anders Jacobsen deyir ki, oyuncaqların öyrətdiyi yaradıcılıq Çinin iqtisdasi uğurunun əsas açarı olub.

Onun fikrincə, oyun və oyuncaqlar uşaqlara oyuncaq qutusundan kənarda da düşünmək qabiliyyətini aşılayır.

Lego

Şəklin mənbəyi, Other

Şəklin alt yazısı, Lego yaradıcı düşüncə aşılayırmı?

Cənab Jacobsen inanır ki, Çin məktəbləri uşaqları bu sayaq öyrənməyə yönəltmirlər. Lakin valideynlər və siyasətçilər artıq qəflət yuxusundan oyanıblar.

“Rəsmi təhsil biliklərin vahid struktur və iş prinsdipnə malik sistemlərə tətbiqi sahəsində çətinliklə üzləşə bilər”.

“Mənim bir az şübhəm var ki, Pekindəki siyasi liderlər Çinin ciddi yenilikçi ölkəyə çevrilməsinə diqqət yetirməyə həvəslidirlər".

Yazıb-oxumaq, hesablamaq və yaradıcılıq – bütün bunlar uşaqların öyrənməli olduğu şeylərdir.

Lakin İspaniyada mənzillənmiş kodlaşdırma şirkəti DragonFly-ın direktoru John Edwards düşünür ki, öyrədilməli olan bir məqam da var.

O hər il çox sayda potensial işçi ilə müsahibələr keçirir. Onların əksəriyyəri artıq texniki baxımdan vərdişlərə malikdirlər.

O bu yaxınlarda bir əcnəbi namizədlə Skype-da apardığı uğurlu müsahibəni təsvir edir.

“O yaxşı danışıq qabiliyyətinə malik idi, həm də nəzakətliydi”.

“Bunlar bacarıqlara malik insanlara öyrədilməli şeylərdir, çünki təqdimat çox mühümdür”.

"Əlbəttə, onların texniki bacarıqları olmalıdır, lakin əgər bunlar artıq vardırsa, mən insanları daha çox fərdlərarası bacarıqlara yönəldərdim”.

Lakin onlar vurma cədvəlini də kodlaşdırma kimi bilməlidirlərmi?

"Mən istərdim ki, adamlar kalkulyatora əl atmaqdansa, məsələni başlarında həll edə bilsinlər, - deyir cənab Edwards, – Əzbərləməsinlər, sadəcə isbat etsinlər ki, öyrənmək qabiliyyətləri var”.