Merkel: Rusiya Avropa İttifaqına qoşulmaq istəyənlərə əngəl yaratmamalıdır

Merkel

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Merkel Moskvanın Aİ-ə qoşulmaq istəyən dövlətlərə əngəl yaratmamasını istəyir.

Almaniya kansleri Angela Merkel, Ukrayna, Gürcüstan və Moldovanı ilk növbədə misal göstərərək Avropa İttifaqına (AI) qoşulmaq istəyən post-sovet ölkələrinin daxili işlərinə Rusiyanın müdaxilə etdiyini bildirib.

"Şərq Qonşuluğu proqramında iştirak edən 3 ölkə Moldova, Gürcüstan və Ukrayna Avropa İttifaqı ilə assosiativ saziş imzalamaq barədə suveren qaydada qərar qəbul ediblər", - Merkel Almaniyanın Welt nəşrinə müsahibəsində bildirib.

"Rusiya həmin bu ölkələrə problemlər yaradır", - Angela Merkel davam edərək Dnestryanı, Abxaziya, Cənubi Osetiya münaqişələri və Donbassdakı müharibəni geyd edib.

Ukrayna və Qərb ölkələri həmin münaqişələrin yaranması və davam etməsinə görə Rusiyanı ittiham edirlər.

Moskva Ukraynanın şərqində davam edən münaqişədə rusiya qoşunlarının separatçıların tərəfində döyüşdüyünü inkar edir.

Eyni zamanda Angela Merkel 2008-ci ildə Gürcüstan və Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi prosesinə sart verilməməsini düzgün qərar sayır.

Buxarestdə 2008-ci ildə keçirilmiş NATO sammitində qeyd olunmuş qərarın qəbul edilməsində Almaniya yaxından iştirak etmişdi.

Almaniya kansleri bununla belə vurğulayıb kı, Polşa və Baltika dövlətləri kimi NATO-nun şərqi avropalı üzv dövlətlərini xarici təcavüzdən qorumaq öhdəliyinə alyans hər zaman sadiq qalır.

Rusiya rəsmiləri ardıcıl olaraq NATO-nun Şərqə doğru genişlənməsindən narazı olduqlarını bildirirlər.

Son dəfə bu yaxınlarda bu mövzuya toxunan prezident Putinin mətbuat katibi Dmitri Peskov BBC deyib ki, Moskva "100 faiz Ukraynanın NATO üzvlüyünə qəbul edilməyəcəyini eşitmək istəyir".