Dünya svastikanı sevərmiş - Hitler onu oğurlayana qədər

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Mukti Jain Campion
- Vəzifə, Kiyev
Qərb dünyasında svastika faşizmin rəmzidir, lakin bu rəmz minilliklər ərzində dünya mədəniyyətlərində uğur və bəxtiyarlıq simvolu kimi qəbul edilib.
Bu rəmzin Avropada Nasist dövründən əvvəlki uzun tarixçəsi aşkarlandıqca svastika özünün mənfur yükündən xilas ola bilərmi?
Qədim Hind sanskritində "svastika" sözünün mənası rifah, bəxtiyarlıq olub.
Bu simvoldan hindular, buddistlər və caynilər minilliklər ərzində istifadə edib və ümumən svastika Hind simvolu sayılır.
Asiyaya Qərbdən gəlmiş ilk səyahətçilər bu rəmzin müsbət mənası və qədim tarixindən ilhamlanaraq savstikanı öz ölkələrində də yaymağa başlayıblar.
20-ci əsrin əvvəlində svastika lütfkarlıq, rifah və bəxt simvolu kimi dünyada geniş yayılmışdı.
"Svastika: bəraətə haqqı olmayan simvol?" adlı kitabında amerikalı tərtibatçı-rəssam Steven Heller bu simvoldan Qərbdə memarlıqda, reklam və məhsulun qablaşdırılması tərtibatında necə geniş istifadə olunduğunu göstərib.

Şəklin mənbəyi, BBC World Service
"Coca-Cola, Carlsberg şirkətləri bu sivoldan məhsul qablaşdırılmasında istifadə edib. ABŞ-da gənc skautlar təşkilatı bu rəmzi mənimsəyib, "Girls' Club of America" qrupu nəşr etdiyi jurnala "Svastika" adı verib. Üzərində svastika çəkilmiş döş sancaqlarını isə bu jurnal nəşri yayan pərəstişkarlarına hədiyyə kimi paylayıb", kitab müəllifi deyir.
Svastika bir rəmz kimi ABŞ həbiyyəsi tərəfindən I Dünya müharibəsi dövründə istifadə olunub, bu simvolu Britaniya Hərbi Hava Qüvvələrinin (RAF) təyyarələrində 1939-cü ilədək görmək olardı. Lakin Almaniyada 1930-cu illərdə nasilər hakimiyyətə gələndən sonra svastikanın müsbət, lütfkar mənası "solmağa" başladı.
Nasilərin svastika rəmzinə verdiyi məna qədim Hindu mətnlərinə yeni yozum verən 19-cu əsr alman alimlərinin araşdırmalarına gedib çıxır.
O zaman bəzi alman linqvistləri və tarixçiləri sanskritlə alman dili arasında bənzərlik görərək hindlilərlə almanların eyni kökə malik olduğu fərziyyəsi əsasında insan inkişafının üstün pilləsində duran xəyali Ari irqinin qədim zamanlarda guya mövcud olmasını iddia edirdilər.

Şəklin mənbəyi, BBC World Service
Almaniyada antisemit millətçi qruplar bu ideyadan yapışaraq alman xalqının qədimliyini təsviri üsulla qabartmaq üçün isə svastikanı bir rəmz kimi mənimsəyiblər.
Üçüncü Reyx dövründə törədilmiş vəhşiliklərin rəmzinə çevrilmiş Nasi bayrağına cızılmış qara svastika 20-ci əsrin ən nifrətdoğurucu simvolu olub.
"Yəhudilər üçün svastika qorxu, dəhşət və ölüm rəmzi olub", 93 yaşlı Holokost şahidi Freddie Knoller deyir və əlavə edir ki, bu dəhşət "bir daha təkrar olunmamalıdır".
Müharibədən sonra svastikanı ərazisində qadağan edən Almaniya, 2007-ci ildə bu nişanı Aİ ərazisində də qadağan etməyi təklif etmişdi lakin məqsədinə çata bilməmişdi.
Arxeoloqların aşkar etdiyi tapıntılar isə svastikanın nəyinki Hindistanda, eləcədə Avropada, o cümlədən qədim yunanlar, keltlər, anqlo-saksonlar arasında da geniş yayıldığını sübut edir. Ümumiyyətlə, Baltikadan tutmuş Balkanlaradək uzanan ərazidə aparılmış arxeoloji qazıntılar zamanı qədimi svastika nişanələrinə tez-tez rast gəlinib.
Avropada qədimdən svastika nişanəsinin necə dərin kök atdığını Kiyevdəki Ukrayna Milli Tarixi müzeyin eksponatları nümunəsində görmək mümkündür.

Şəklin mənbəyi, BBC World Service
Muzey eksponatları arasında ən qiymətli və nadir sayılanı fil sümüyündən yonulmuş kiçik quş fiqurudur.
Bu fiqur paleolit dövrünə aiddir, 1908-ci ildə Rusiya sərhədi yaxınlığında yerləşən Mezin adlı qədim insan məskəni qazıntısında tapılıb.
Quş fiqurunun üstündə svastika naxışlarını seçmək mümkündür.
Bu Yer üzündə aşkar edilmiş ən qədim svastika naxışıdır və azı 15 000 il yaşı var.
1965-ci ildə paleontologiya alimi Valentina Bibikova svastika ornamentinin fil sümüyünün en kəsiyində əmələ gələn cızıqları təkrarladığını aşkar edib.
Görəsən, svastika naxışını ibtidai insanlar onlar üçün məhsuldarlıq, bolluq rəmzi olan fil, mamont sümüyündəki cizgiyə bənzətməklə nəyin arzusunda, ümidində olduqlarını bununla bildirməyiblərmi?
Tək simvol şəklində svastika cənub-şərqi Avropada 7 000 il bundan əvvəl Neolitik erada istifadə olunmağa başlayıb.
Bürünc era dövründə isə svastika rəmzi bütün Avropaya yayılıb.
Muzey kolleksiyasında 4 000 il bundan əvvələ aid svastika naxışlı saxsı qablar diqqəti çəkir.
II Dünya müharibəsi zamanı Kiyevi işğal edən nasilər həmin qabların arilərə məxsus olduğunu iddia edərək eksponatları Almaniyaya aparmışdılar. (Müharibədən sonra həmin eksponatlar yerinə qaytarıldı).
Muzeyin Yunan kolleksiyasında svastika Yunanıstan memarlığının əsas ornamenti kimi təsvir edilir, bu naxışdan bu ölkədə müasir dövrdə də geniş istifadə olunduğu qeyd olunur.

Şəklin mənbəyi, BBC World Service
Eramızdan əvvəl 7-ci əsrdə yaşamış qədim yunanlar eksponatlardan göründüyü kimi svastika naxışı ilə qablarını və vazalarını bəzədərlərmiş.
Ola bilsin muzeyin ən maraqlı eksponatı 12-ci əsrə aid qədim paltardan qalmış bir parçadır.
Həmin parça ilə bir tapılmış və qədim dövrün slavyan şahzadəsinə məxsus olduğu güman edilən boyunbağını qızıldan tökülmüş xaç və svastika nişanları bəzəyir.

Şəklin mənbəyi, BBC World Service
Şərqi Avropada və Rusiyada svastika II Dünya müharibəsinədək geniş yayılmışdı.
Pavel Kutenkov adlı rusiyalı araşdırmaçı bu regionda svastikanın 200-dək təsvirlərini aşkar edib. Lakin bu ərzilərdə svastikanın vahiməli mənası da öz təsirini saxlamaqdadır.
1941-ci ildə Kiyev nasilərin törətdiyi Holokostun ən dəhşətli epizodları, o cümlədən kütləvi məzarlıqlar ərazisinə dönmüş Kiyevdə də baş verirdi. Babiy Yar dərəsində nasilər 34 000 yəhudini kütləvi şəkildə qətlə yetirmişdilər.
Qərbi Avropada svastika naxışı müasir dövrdən xeyli əvvəl populyarlıqdan düşsə də, misal üçün Britaniyanın Yorkshire qraflığının Ilkley Moor deyilən ərazisində Bürünc eraya aid daşdan yonulmuş svastika nişanı arxeoloqlar tərəfindən tapılıb.
Bəziləri düşünür ki, svastikanın qədim tarixi bu simvolun Avropada yenidən müsbət qarşılanmasına yol aça bilər.
Svastikanı Sevməyi Öyrənmək Günü
Kopenhagendə dəbdəbəli tatu salonunun sahibi Peter Madsen deyir ki, svastikanın skandinav xalqlarının dastanları ilə sıx bağlılığı var.
Peter Madsen 13 noyabr Svastikanı Sevməyi Öyrənmək Günü ənənəsi yaradıcılarından biridir. Həmin gün müştərilərə pulsuz svastika naxışı döydürmək təklif olunur, onlar svastika simvolunun qədim tarixi ilə tanış edilir.
"Svastika məhəbbət simvoludur, Hitler bu simvola qara yaxıb. Biz svastikanı diriltməyə çalşmırıq. Bu mümkün deyil. Lakin bunun unudulmasını da istəmirik", Peter deyir.

Şəklin mənbəyi, BBC World Service
"Bizim məqsədimiz insanlara svastikanın müxtəlif formalarının mövcudluğunu, bu nişanın mənasını anlatmaqdır. Eyni zamanda sağçı faşistlərə bu rəmzdən istifadə etmələrinin nə qədər səhv olduğunu göstərmək istəyirik.
İnsanlara svastikanın gerçək mənasını anlada bilsək, faşistlərdən bu rəmzi geri almaq bəlkə mümkün olar", Peter davam edir.
Lakin faşizmin dəhşətlərinin şahidi olmuş Freddie Knoller kimilər üçün svastikanı sevmək asan olmayacaq.
"Holokostu görənlər üçün svastika həmişə dəhşəti xatırladan bir rəmz kimi qalacaq", Freddie Knoller deyir.




