Amal Clooney Yunanıstan baş naziri ilə Parfenon məsələsilə bağlı görüşür

Şəklin mənbəyi, AFP Getty
Hollivud ulduzu Georg Clooney-nin yeni həyat yoldaşı hüquqşünas Amal Clooney Yunanıstanın milli mədəni sərvətlərini Britaniyadan geri qaytarmaq kampaniyası ilə bağlı Yunanıstanın baş nazirilə görüşüb.
Yunanıstan hökuməti bu məqsədlə xanım Clooney-nin Londonda işlədiyi hüquq şirkətinə müraciət edib.
Eramızdan əvvəl 5-ci əsrə aid edilən Elgin Mərmərləri kimi tanınan mədəniyyət nümunələri Londondakı British Museum-da saxlanılır.
Qaytarılması tələb edilən muzey eksponatları vaxtilə Afinadakı Parfenonu bəzəyən mərmər ilahə, insan və qulyabanı kimi barelyef və abidələrdən ibarətdir. Bu nümunələr Yunanıstanın Osmanlı tərkibində olduğu vaxtlar Britaniya səfiri Lord Elgin tərəfindən Londona gətirilib.

Şəklin mənbəyi, Reuters
Xanım Clooney və onun Doughty Street Chambers şirkətində işləyən həmkarları çərşənbə günü Yunanıstanın mədəniyyət naziri Costas Tassoulasla görüşdən sonra Parfenona baş çəkiblər.
Bunun ardınca keçirilən mətbuat konfansında cənab Tassoulas "dünya mədəniyyət irsinə" aid obyektlərin qaytarılması üçün çalışdığını deyib.
Hüquqşünas Norman Palmer işin "dostyana və tərəfləri razı salan" tərzdə həllinə ümidvar olduğunu deyib.
"Bu mümkün olmasa başqa yollar nəzərdən keçirilməlidir", Norman Palmer deyib.

Şəklin mənbəyi, Associated Press
Qədim memarlıq abidəsi olan Parfenon məbədinə məxsus mərmər obyektlərin qaytarılması ətrafında mübahisə uzun illərdir ki, həm Britaniya həm də beynəlxalq səviyyədə davam edir.
Bir neçə həftə əvvəl Hollivudun ən məşhur subaylarından olan George Clooney-ə ərə gedən xanım Clooney-nin kampaniyada iştirakı məsələyə ictimai diqqəti artırıb.




