İtaliya: Parlament bərbərlərinin illik maaşı kəsilərək 99 min avroya endirilib

Sərt qənaət siyasətilə bağlı İtaliya parlamentində çalışan dəlləklərin ən yüksək illik maaşı ixtisar edilərək 99,000 avroya (təxminən 66,000 AZN) endirilib.

Millət vəkillərinin saçlarını səliqədə saxlayan dəlləklərin qazancları barədə ötən il aşkarlanan xəbər təəccüblə qarşılanmışdı.

Məlumatda deyilirdi ki, günün vaxtından asılı olaraq bəzi dəlləklər 136,000 (təxminən 135,000 AZN) avroya qədər maaş alır.

Parlamentin hər iki palatasının komitələri bu rəqəmi 37,000 avro ( təxminən 36,650 AZN) məbləğində ixtisar etmək qərarına gəlib.

Bu addım məsrəflərin azaldılması ilə izah edilib, İtaliyanın Quotidiano Libero nəşri yazır.

İxtisarlar həmçinin parlament aparatının işçilərinə da şamil edilib.

Belə ki, deputat köməkçilərinin illik məvacibləri 358,000-dən (354.502 AZN) 240,000 (237, 722 AZN) avroya endirilib.

152,000 (150,557 AZN ) avro alan texniki işçilərin maaşı isə azaldılaraq 106,000 (104.993 AZN) avro ilə əvəzlənib.

Maaşları kəsilənlərə yeni vəziyyətə uyğunlaşmaq üçün möhlət veriləcək. Belə ki, ixtisarların tətbiqi 4 il ərzində mərhələlərlə həyata keçirilməlidir.

Lakin belə görünür ki, islahatların kəsərliliyi bir çoxlarını qane etməyib.

"Parlament dəlləyi ayda yalnız 7,600 ( 7,527 AZN ) avro qazanacaq", - Twitter istifadəçilərindən biri kinayəli şərhini bölüşüb.

"Mən onlara yardım toplamağı düşünürəm", - deyə daha bir istifadəçi yazır.

Millət vəkillərinin saçlarını kəsmək üçün belə bir “yüksək maaş”ın nəyə əsaslandığını sual edənlərdən biri isə axı "Onlardan 80 faizinin saçı belə yoxdur” - deyə bildirir.

Xəbəri BBC Montoring hazırlayıb.