İslam Dövləti böhranı: ana Mosul məktəbindəki oğlu üçün qorxur

Şəklin mənbəyi, Getty
Sentyabrda yeni məktəb ilinə başlayan Mosul məktəblərindəki dərslərin İslam Dövləti tərəfindən hazırlanmış yeni tədris proqramına əsasən aparıldığı bildirilir.
Şagird analarından biri BBC Dünya Xidmətinə İraqın şimalındakı şəhərdə həyat barədə təəssüratları və 8 yaşlı oğlu ilə bağlı nigarançılığı ilə bölüşüb:
Mənim bir oğlum var. O, 3-cü sinifdə oxuyur. Mən onun kənara çıxmayıb evdə qalmasını istəsəm də məktəbə göndərmək qərarına gəldim.
Onun üçün çox qorxuram. Onun küçədəki dəhşətli şeyləri görməsini istəmirən. Bayıra çıxan uşaqlar silah, zirehli texnika, silahlıların qara formaları və avtomobil karvanlarını görürlər. Bu onlar üçün vahiməlidir.
Şagirdlər üçün hər şey fərqlidir. Ölkəni İraq Respublikası adlandırmaq kimi sadə şeylər belə dəyişib. İndi o İslam Dövləti adlandırılır.
Hər şey kökündən dəyişib. Artıq tədris proqramı başqadır. Uşaqların keçdiyi fizika, riaziyyat kimi bir çox fənlər ləğv olunub. Musiqi və idman dərsləri belə dayandırılıb.
Adətən məktəbə gedəndə mahnılar öyrənirsən. Lakin bunların hamısı Quran ayələrini oxuyub, əzbərləməklə əvəzlənilib. Mən narahatam, qorxuram ki, uşağımın beynini bununla dolduracaqlar.
Uşağı məktəbə buraxmaq istəməməyimin daha bir səbəbi var. Bu da, onun atasının qətlə yetirilməsidir. Biz qatilin kim olduğunu dəqiq bilməsək də, onun İD döyüşçüsü olduğu məlumdur. Oğlumun “Bu mənim atamı öldürən adamlardır” deməsi canıma qorxu salan daha bir səbəbdir.
Mən onun bayıra çıxıb belə bir şeylər deməsini istəmirəm, çünki bu adamlar amansızdır. Onlar oğlumun başına dəhşətli şeylər aça bilərlər.
Həyat çətindir. Bizim elektrik və qazımız yoxdur. Odunda bişiririk. Hər şey od qiymətinədir. 5 gün ərzində heç bir elektrik verilməyib. Azadlıq yoxdur. Qadınlar İslam Dövləti tərəfindən niqab [yalnız göz nahiyəsini açıq qoyan üz örtüyü] taxmağa məcbur olunur. Yanında ərin, atan və yaxud da qardaşın olmadan bayıra çıxa bilməzsən. Belə görünür ki, onlar bizi geri aparmaqla İslam təqviminə görə 10-cü ilə gətiriblər.
Biz onların nəzarətində olan bir məhbus kimiyik. Bizi İD hakimiyyəti altındakı həyatı könüllü şəkildə qəbul etməkdə suçlayanlar var. Hərçənd ki, bu belə deyil. Biz məcbur olunuruq, biz onların məhbusuyuq. Əlimizdə olan nə var ki? Onlara qarşı nəisə etmək iqtidarında deyilik.
Gənclər sərbəst deyillər. Nə siqaret, nə geyim seçimi – heç nə qalmayıb. Onların əlindən hər şey alınıb.
Yeni qaydalar yollandığın yer barədə məlumat verməyi tələb edir. Əks təqdirdə evi tərk etmək yasaqdır. Onlar hətta ev-ev sabiq polis zabitlərini axtarırlar. Biz onların hara aparıldığını və başlarına nəyin gəldiyini bilmirik. Heç kim heç nə bilmir.
Gələcək artıq yoxdur, o tükənib.
İraqlı ana BBC Dünya Xidmətinin Weekend proqramına danışıb. Onun kimliyini məxfi saxlamaq məqsədilə adı açıqlanmır.




