ABŞ İD-nin Suriydakı neft obyektlərinə zərbələr endirib

ABŞ xırda emal müəssisələrində hər gün 300-500 barrel yanacağın istehsal olunduğunu bildirir.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, ABŞ xırda emal müəssisələrində hər gün 300-500 barrel yanacağın istehsal olunduğunu bildirir.

Üçüncü gündür ki, İslam Dövlətinə qarşı hava hücumları həyata keçirən ABŞ rəhbərliyi ilə yaradılmış koalisiya qüvvələri cihadçıların neft emalı üzrə obyektlərinə zərbələr endiriblər.

ABŞ, Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərinə məxsus təyyarələrdən endirilən zərbələr nəticəsində 14 İD döyüşçüsü və 5 mülki öldürülüb, fəallar bildirirlər.

ABŞ hərbiyyəsinə əsasən İslam Dövləti (İD) neft məhsullarının satışından hər gün 2 million dollar gəlir əldə edib.

İslam Dövləti son aylar ərzində Suriya və İraqda geniş əraziləri ələ keçirib və bir neçə neft yatağına nəzarət edir.

Neft qaçaqmalçılığı yolu ələ edilmiş vəsait hər iki ölkədə cihadçı qrupun hücumlarının təşkilinə kömək edib.

ABŞ avqust ayından bəri İslam Dövlətinin İraqdakı hədəflərinə 200-dən artıq hava zərbəsi endirib.

Bazar ertəsindən etibarən bu əməliyyatlar Suriya ərazisinə də genişləndirilib.

Cümə günü BMT-nin Təhlükəsizlik Şurası dövlətlərdən vətəndaşlarını İraq və Suriyada cihadçılara qoşulmaqdan çəkindirməyə tələb edən qərar qəbul edib.

ABŞ hərbiyyəsi "gündə 300-500 barrel emal olunmuş neft istehsal edən kiçik ölçüdə" neftayırma müəssisələrinə havadan zərbə vurulduğunu bildirib.

"Biz neftayırma zavodlarına zərbələrin təsirini təhlil edirik, lakin ilkin təxminlərə görə zərbələr müvəffəqiyyətli olub", ABŞ Mərkəzi Komandanlığı bildirib.

Britaniyada fəaliyyət göstərərn Suriya İnsan Haqları qurumu zərbə nəticəsində 14 İD döyüşçüsünün və 5 mülkinin zərbə nəticəsində öldüyünü bildirib.

Koalisiya genişlənir

ABŞ 40-dan artıq ölkənin İD əleyhinə koalisiyaya qoşulmağa hazır olduğunu bildirib.

Fransa hərbi təyyarəsinin İraqda havadan zərbələr endirdiyini bildirib.

Ötən gün Əlcəzairdə İD ilə əlaqəli cihadçı qrup tərəfindən girov götürülmüş fransız vətəndaşı başı kəsilərək öldürülüb.

Fransa hərbiyyəsi İraqa hava reydlərində ötən həftədən iştirak edir, lakin İD əleyhinə Suriyadakı əməliyyata qatılmayıb.

Britaniyanın baş naziri David Cameron Britaniyanın da İD əleyhinə koalisiyaya qoşulmağa hazır olduğunu bəyan edib.

Britaniya parlamenti İD-ə hava zərəbələrinin endirilməsi məsələsini müzakirə etmək üçün cümə günü iclasa toplaşacaq.

Ötən gün Hollandiya höküməti F-16 tipli 6 hərbi təyyarəsinin ABŞ rəhbərlik etdiyi kampaniyada iştirak edəcəyini bildirib.