MH17 təyyarəsinin vurulması "müharibə cinayəti ola bilər"

Şəklin mənbəyi, BBC World Service
Malaysia Airlines şirkətinə məxsus MH17 reysli təyyarənin şərqi Ukraynada vurulması "müharibə cinayəti" sayıla bilər, BMT-nin insan haqları üzrə rəhbəri Navi Pillay deyir.
Ukrayna və Qərb hökümətləri təyyarənin rusiyapərəst üsyançılar tərəfindən, Rusiyanın verdiyi raketlə vurulduğunu deyir. Təyyarədə olan 298 adamın hamısı həlak olub, onların əksəriyyəti holland olub.
Moskva və üsyançılar deyirlər ki, təyyarənin yerə düşməsinə görə Ukrayna əsgərləri məsuliyyət daşıyır.
Məlumata görə, Hollandiya və Avstraliya polisi qəza yerinə yollanıb.
Ərazidə davam edən şiddətli döyüşlərə görə polis bundan əvvəl qəza yerinə daxil ola bilməyib. Onlar üsyançıların idarə etdiyi ərazidəki iri qəza yerini bağlamaq istəyirlər ki, təyyarənin qırıntıları və cəsədlər beynəlxalq qəza ekspertləri tərəfindən yoxlanılsın.
Cəsədlərin əksəriyyəti yığışdırılıb və onların çoxu Niderlanda qaytarılıb.
