Qüdsdə fələstinli gənclərlə İsrail polisi arasında toqquşmalar davam edir

İsrail

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 3 yəhudi yeniyetmənin dəfn mərasiminin səhərisi günü Qüdsün şərqində fələstinli yenitmə oğurlanaraq qətlə yetirilib.

Şərqi Qüdsdə fələstinli gənclər qəzəblənərək ayağa qalxdığı üçün yollar qapadılıb. Gənclərdən bəziləri İsrail tramvay sisteminə məxsus sığınacaqları dağıtmağa başlayıb.

Kiçik bir qrup isə İsrail polisini daşa tutmaq üçün mancanaqlardan istifadə edir. Polis isə rezin güllələrlə cavab verir. Ətrafda təcili yardım maşınları dolaşır.

Rezin güllərdən ən azı 35 nəfərin yaralandığı bildirilir.

İsrail polisi Qüdsün şərqində bu gün səhər tezdən yoxa çıxmış fələstinli yeniyetməyə məxsus olduğu güman edilən cəsədi aşkar edib.

Şahidlər fələstinli yenitmənin səhər saatlarında naməlumlar tərəfindən güc tətbiq etməklə avtomobilə otuzdurulduğunu görüblər. Bir neçə saatdan sonra ətrafdakı meşəlikdə onun cəsədi aşkar edilib.

İsrail polisi bu hərəkətin motivini təsdiq edə bilməyib, lakin Fələstin mənbələri bu qətli 3 İsrailli yeniyetmənin öldürülməsinə cavab aksiyası kimi qiymətləndiriblər.

Bugünkü hadisədən sonra qətlə yetirilmiş gəncin evi qarşısında fələstinlilərlə polis arasında toqquşma baş verib.

Etirazçılar polisi daşa tutub, polis isə səs qumbaraları və rezin qüllələrdən istifadə edib.

Ötən gün Qərb Sahilində bundan əvvəl qətlə yetirilmiş 3 yəhudi tələbənin dəfn mərasimi keçirilib.

Onların cəsədləri bazar ertəsi Hebron şəhəri yaxınlığında aşkar edilmişdi.

Dəfn mərasimində minlərlə israilli iştirak edib, onların arasında Baş nazir Benjamin Netanyahu və prezident Shimon Peres də olublar.

Baş nazir Benjamin Netanyahu 3 yəhudi yeniyetmənin qətlə yetirilməsinə görə Həmas qrupunun məsuliyyət daşıdığını bəyan edərək bu təşkilata qisas zərbəsi endiriləcəyini vəd etmişdi.