Alimlər: Ay nəhəng toqquşma nəticəsində yaranıb

Moon

Şəklin mənbəyi, SPL

Şəklin alt yazısı, Yerin Teya ilə toqquşması Günəş sisteminin təşəkkülünün erkən mərhələsində baş verib.

Planetlərin toqquşması o qədər də nadir hadisə deyil. Alimlər aşkar ediblər ki, Ay milyard illər bundan əvvəl Yerin iri səma cismi ilə toqquşmasından yaranıb.

Amerika astronavtlarının Aydan gətirdikləri süxurlarda Teya adlandırılmılş həmin nəzəri səma cisminin mineralları tapılıb.

Teya yunan mifologiyasında Ay ilahəsi Selenanın anasının adıdır.

Yerin Teya ilə toqquşması Günəş sisteminin təşəkkülünün erkən mərhələsində baş verib.

Lakin 1980-ci illərdən söylənən bu nəzəriyyə riyazi baxımdan isbat olunsa da, maddi sübutları yox idi.

Aydan gətirilmiş başqa süxurlar indiyədək onların tərkibində yalnız Yer mənşəli mineralların olduğunu göstərirdi.

İndi isə Ay süxurlarından Yerə aid olmayan minerallar da tapılıb.

Sual olaraq qalan budur ki, Ayın izotop tərkibi niyə Yerinkinə bu qədər yaxındır.

Başqa nəzəriyyələr də var

İzahlardan biri budur ki, Teya Yerə çox yaxın məsafədə yaranıbmış və buna görə də iki plantein izotop tərkibi olduqca yaxın imiş.

Ayın yaranması haqqında başqa nəzəriyyələr də mövcuddur.

Məsələn, Hollandiyadakı Qroningen Universitetindən professor Rob de Meijer olduqca mübahisəli bir nəzəriyyə irəli sürüb. O iddia edir ki, Ay Yerin 2900 kilometr dərinliyindən nüvə partlayışı ilə fəzaya püskürmüş Yer qırıntılarından yaranıb.

Professor deyir ki, izotop tərkibindəki fərqlər çox az məlumat verir və biz hələ də Ayın necə yarandığını tam dəqiqliyi ilə bilmirik.