ABŞ-da “Maqnitski siyahısına” daha 12 şəxsin adı daxil edilib

ABŞ

Şəklin mənbəyi, bbc

Şəklin alt yazısı, ABŞ Maqnitski siyahısını genişləndirib.

ABŞ höküməti “Maqnitski işilə” bağlı insan haqlarının pozulmasında ittiham olunan 12 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edərək, onların adlarını “Maqnitski siyahısına” daxil edib.

Bu barədə ABŞ maliyyə nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, siyahıya İqor Alisov, Aleksandr Qaus, Vyaçeslav Xlebnikov, Dmitri Kiselyov, Dmitri Kratov, Andrey Kreçetov, Larisa Litvinova, Viktor Markelov, Vladlen Stepanov, Umar Şuqaipov, Fikrət Tağıyev və Musa Vaxayev daxil ediliblər.

Rusiya mediasına əsasən, 52 yaşlı azərbaycanlı Fikrət Tağıyev son zamanalaradək Mockavadakı “Matrosskaya tişina” həbsxanasına rəislik edib.

İndiki cəza tədbirləri Maqnitskinin tutulmasına və ölümünə aidiyyətı olan şəxslər barəsində tətbiq olunur. Onların arasında Butırskaya həbsxanasının, "Matrosskaya tişina" İstintaq Təcridxanasının və Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları var. Rusiyanın yüksək vəzifəli şəxsləri bu siyahıda yoxdur.

Dmitri Kratov Moskvadakı “Butırka” həbsxanası rəisinin keçmiş rəis müavinidir. Hermitage Capital şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümü ilə bağlı Rusiyada ona qarşı ittiham irıəli sürülmüşdü, lakin məhkəmə onu vəzifəsinin icrasında səhlənkarlığa vol verməkdə təqsirli bilməyib.

Bu siyahıya həbsxana əməkdaşları, hakim, müstəntiq, və Maqnitskinin ifşa etdiyi cinayətdə iştirakı olan şəxslərin adları daxil edilib.

Siyahıya daxil olunan şəxslər Sergey Maqnitskinin işinə, istintaqına və ya məhkəməsinə birbaşa cavabdeh olan şəxslərdir. Bundan əlavə siyahıda hüquqşünasın saxlandığı həbsxananın həkimlərinin də adları var.

2012-ci ildə ABŞ-da qəbul olunmuş qanuna əsasən, Maqnitskinin ölümü və ya onun ifşa etdiyi korrupsiya işlərinə aiddiyyatı olan şəxslərin ABŞ-a qirişi qadağan edilmişdi, həmin şəxslərə qarşı iqtisadi sanksiyaların da tətbiq olunması nəzərdə tutulub.

2013-cü ildə təsdiqlənmiş Maqnitski siyahılsına 18 şəxsin adları daxil edilmişdi, sonradan ABŞ rəsmiləri siyahının “məxfi hissəsinin də mövcud olduğunu” etiraf etmişdi.

Bu ilin aprel ayında isə Avropa parlamenti də 32 nəfərdən ibarət “Maqnitski siyahısını” təsdiqləyib. Siyahıda adı çəkilənlərə Aİ-ə giriş qadağan olunur, onların bank hesabları dondurulur.