"Avropanın sonu"

Eurovision

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Avstriyalı Conchita Wurst Eurovision müsabiqəsində "Rise Like a Pheonix" mahnısını ifa edib.
    • Müəllif, Steve Rosenberg
    • Vəzifə, BBC News, Moskva

Dumada Kommunist partiyasını təmsil edən deputat Valeri Raşkin istirahətini dağlarda keçirir. SSRİ dövründə alpinistlik üzrə çempion olub.

Bu gün isə deputat Raşkin fərqli bir zirvəyə dırmaşmaq istəyir: Rusiyanı Eurovision müsabiqəsindən qurtarmağa çalışır.

“Şənbə günü Eurovision yarışının nəticələrinə ağrısız baxa bilmirdim”, Valeri deyir. “Saqqalı xanııma birinci yeri vermək insanlığa hörmətsizlik və intihar deməkdir!”

Saqqalı xanım deyəndə deputat Avstriyanı müsabiqənin finalında təmsil etmiş Conchita Wurst-u nəzərdə tutur. Kopenhagendə Conchita 'Rise Like a Phoenix' adlı mahnı ilə qələbə qazandı.

Rusiya rəsmiləri isə bu qələbəni, əksinə, "iflas" adlandıraraq, Conchita-nı Avropanın mənəvi tənəzzülünün sübutu kimi misal gətirirlər.

Müsabiqənin nəticəsi elan olunan kimi, millətçi deputat Vladimir Jirinovski Rusiya televiziyası ilə üzünü tamaşaçılara tutaraq haray çəkdi: "Bu Avropanın axırıdır. Avropa çürüyüb artıq. Bundan sonra nə kişi, nə də qadın - orta cins olacaq!”.

Valeri Raşkin öz məqsədinə çatsa, Rusiyanın Eurovision-da iştirakının altından qalın xətt çəkiləcək.

Deputat ölkənin müsabiqədən imtina etməsi barədə hökümətə rəsmi müraciət göndərib. Raşkin “Avrasiyanın Səsi” adlı alternativ müsabiqənin yaradılmasını təklif edir, onun təbirincə, çoxlu sayda Duma deputatları onun təşəbbüsünü dəstəkləyirlər.

"Uşağını, vətənini sevən hər bir insan bu təşəbbüsü dəstəkləyəcək”, deputat əminliyini bldirir. "Yeni müsabiqə tamamilə fərqli dəyərlərə əsaslanır, daha transseksual, lesbian və homoseksualların dəyərlərinə yox”.

Dumada Eurovision əleyhinə olanlardan biri də deputat Oleq Nilovdur.

Bu deputat parlament çıxışında Rusiyanı təmsil edən 17 yaşlı Tolmaçevı bacılarının qələbə çalmasına “qara qüvvələrin” əngəl törətdiyini bildirib.

Bunu deyən deputat fikrini parlament tribunasından “Qara Qarğa” nəğməsindən bir parçanı ifa etməklə davam etdirib.

'Rusiyaviziya'

Ötən il prezident Putin “qeyri-ənənəvi cinsi əlaqələr” barədə məlumatın yayılması imkanını məhdudlaşdıran qanun imzalamışdı.

Moskva bu qanunvericiliyi Rusiya cəmiyyətinə xas ailə dəyərlərinin və yeniyetmələrin mənəviyyatını qorumaq məqsədilə əsaslandırmışdı.

Eurovision

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Rusiyanın "Tvoi den" tabloid qəzeti Conchita-nın qələbəsinə etiraz əlaməti olaraq saqqalqırxma kampaniyasından yazıb.

Qanunun müəlliflərindən biri deputat Vitali Milonov olub, Sankt Peterburq şəhər şurasının üzvü. O, Conchita Wurst-u Rusiyaya qastrola gəlməsinə yol verməyəcəyinə and içib.

"Bu xəstə adamın Rusiyada konsert keçirməsinə yol verməməliyik” , Milonov deyib. “Bütün bu gey təbliğatı iyrəncdir. Eurovision bitdi. Conchita Wurst Eurovision-u basdırıb, baş daşına da öz adını həkk edib”.

Eurovision əvəzinə Vitali Milonov "təmiz məhəbbəti təbliğ edən ənənəvi mahnı” müsabiqəsini təsis etməyi təklif edir. Bu cür müsabiqə üçün deputat ad da seçib: “Rusiyaviziya”.

Lakin etirazı təkcə siyasətçilər bildirmir.

Rusiya bloqosferasında Avstriya təmsilçisinin qələbəsinə etirazı saqqal saxlayan televiziya və pop ulduzları saqqallarını qırxan zaman çəkilmiş fotoları sosial şəbəkələrdə yerləşdirməklə bildiriblər.

'Qalibə hörmət göstərilməli'

Eurovision

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Conchita Wurst-un pərəstişkarları sifətlərini saqqala bənzər naxışla bəzəyərək müğənniyə dəstək veriblər.

Lakin Rusiyada televiziya auditoriyasının Eurovision finalında necə səs verdiyini araşdıranda fərqli mənzərə alınır.

Rusiyalı televizya seçiciləri Conchita Wurst-u bəyənərək onu 3-cü yerə layiq görüblər. Göründüyü kimi, saqqallı xanım Rusiya Dumasının güman etdiyi dərəcədə tamaşaçılarda mənfi hiss oyatmayıb.

Vitalı Milonov səsvermənin nəticələrini “saxta” sayır.

Lakin hətta Rusiya televiziyasının özündə Eurovision finalının canlı yayımı zamanı studiyada şərhçilərdən bəziləri Avstriyalı müğənnini dəstəkləyərək, dövlət televiziyası üçün qəribə səslənən fikirlər söyləmişdilər.

“Nəyə görə biz həmişə kiməsə nifrət etməliyik?”, - verilişə dəvət edilən qonaqlardan biri sual verib.

Kopenhagendən canlı bağlantı zamanı hətta Rusiya heyətinin rəhbəri Filip Kirkorov “qalibə hörmət göstərməyə” çağırdı.

“Saqqallı-saqqallsız, kişi-qadın olmasından asılı olmayaraq qalibə hörmət göstərək”, - Kirkorov fikrini davam edib.

"Bəlkə bu nəticə Rusiyada hökm sürən baxışlara etiraz əlamətidir. Bəlkə bu nəticə bizi seksual azlıq və fərqli milətdən olan insanlara münasibətimizin bu dərəcədə kəskin olması üzərində bir daha düşünməyə sövq edəcək”, - o deyib.