"Təxəyyül və dil sehrbazı" - Gabriel García Márquez vəfat edib

Gabriel Garcia Marquez

Şəklin mənbəyi, Reuters

Məşhur Kolumbiya yazıçısı, Nobel Mükafatı laureatı Gabriel García Márquez Meksikada 87 yaşında vəfat edib.

Gabriel García Márquez-i çox güman ki, ən çox tanıdan əsər onun 1967-ci ildə yazdığı və dünya boyu bestsellerə çevrilmiş "Yüz ilin tənhalığı" kitabı olub.

Onun təsiri o qədər dərin olub ki, New York Times qəzeti romanı "Yaradılış kitabından sonra hər bir insan mütləq oxumalı ilk kitab" kimi təsvir edib.

Britaniyalı yaızıçı Anthony Powell onu "ibarəli, iddialı boşboğazlıq" adlandırsa da, dünya boyu oxucular García Márquez-in təşəbbüsçü olduğu sürrealist yazı üslubunu sevib.

1928-ci ildə Kolumbiyanın Аrakataka şəhərində doğulan Gabriel Jose García Márquez-i şəhərində nənə və babası böyüdüb. Memuarlarında o, uşaqlığını bütün əsərlərinin əsası kimi təsvir edib.

Siyasət və xurafat

garcia_marquez_nobel_prize

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, 1982-ci ildə yazıçı Ədəbiyyat üzrə Nobel Mükafatını qazanıb.

Márquez siyasi baxışlarını liberal fəal və iki vətəndaş müharibəsi veteranı olan babasından qazanıb.

Nənəsindən isə García Márquez xurafat və xalq nağıllarını öyrənib. Məşhur amerikalı yazıçı William Faulkner də ona çox təsir göstərib.

23 yaşında yazdığı ilk roman əvvəla ancaq tənqidçilər tərəfindən müsbət qarşılanıb.

"Yüz ilin tənhalığı" romanının ilk fəslinin ideası Marquez-in ağlına Akapulkoda sükan arxasında olarkən gəlib.

O maşını geri, evinə sürüb və gündə 6 qutu siqaretlə 18 ay ərzində öz otağında dünyadan təcrid olunaraq əsər üzərində işləyib.

Bu 18 aydan sonra o, ailəsinin $12 000 borca düşdüyünü öyrənib. Xoşbəxtlikdən o otağı tərk edəndə əlində 1300 səhifəlik bestseller yazısı olub.

"Təxəyyül və dil sehrbazı"

Romanın ispanca ilk çapı bir həftə ərzində satılıb, növbəti 30 il ərzində isə "Yüz ilin tənhalığı" kitabı 30 dilə tərcümə olunub, və onun 30 milyon nüsxəsi satılıb.

García Márquez coşqun fantaziyasını təsvir etmək üçün istifadə etdiyi zəngin, rəngarəng yazı tərzi ilə seçilir.

Bəziləri onun əsərlərinə, ölkəsində baş verən üsyandan boyun qaçırmaq üçün qəsdən şişirtdiyi, fövqəltəbii yazılar kimi baxıb.

"Öz labirintində olan general" və "Patriarxın payızı" kimi əsərləri, Kolumbiyada gördüyü və artan zorakılıqdan sonra, onun getdikcə siyasiləşməsinin göstəricisi olub.

Kolumbiya hökuməti barədə yazdığı ifşaedici yazıdan sonra o, Avropaya mühacirətə göndərildi.

García Márquez sol yönümlü yazılar yazmağa davam etdi və Fransanın sabiq sosialist prezidenti, məhrum François Mitterrand-ın dostuna çevrildi. Onun dostları arasında Fidel Castro da olub.

1982-ci ildə "təxəyyül və dil sehrbazı" Ədəbiyyat üzrə Nobel Mükafatını alıb.

İrs

Siyasi qalmaqallara cəlb olunmasına baxmayaraq, 1986-cı ildə "Vəba günlərində eşq" kitabının buraxılması, onun ədəbi dünyada ustad statusunu təsbit edib. Hekayə bir kişinin qadına 50 il davam edən məhəbbətindən bəhs edir.

Gabriel Garcia Marquez və Fidel Castro

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Kubadakı rejimi dəstəklədiyinə görə Marquez bir müddət ABŞ-a gedə bilməyib

García Márque öz həyat yoldaşına 13 yaşında evlənmək təklifi edib. Onlar 50 ildən çox birlikdə, Meksikada yaşayıblar.

Kubadakı repressiv kimi görünən rejimi dəstəklədiyinə görə Gabriel García Márquez ətrafında polemika başlayıb, nəticədə o, bir müddət ABŞ-a viza ala bilməyib. Bu giriş qadağası daha sonra ləğv olunub və o, xərçəng xəstəliyindən əziyyət çəkəndə Kaliforniyada müalicə olunmuşdu.

Yazıçının ilhamı getdikcə soyuyurdu və 2004-cü ildə çap olunan "Hüznlü fahişələrim" kitabının tamamlanmasına 10 il tələb olundu.

2006-cı ildə isə o, roman yazmaq sevgisinin tükəndiyini bəyan etdi.

Hər şeyin mümkün olduğu, hər şeyin ağla batan olduğu, hər sözün Cənubi Amerika karnavalı kimi ekzotik və rəngarəng olduğu əsərləri ilə o, ədəbiyyat dünyasında böyük irs qoyub.