Gabriel García Márquez Meksikada vəfat edib

Şəklin mənbəyi, Reuters
Məşhur Kolumbiya yazıçısı, Nobel Mükafatı laureatı Gabriel García Márquez Meksikada 87 yaşında vəfat edib.
Márquez bir həftədən çox ağciyər infeksiyası ilə bağlı antibiotiklərlə müalicə kursu keçdiyi Mexiko klinikasından bir neçə gün bundan əvvəl çıxmışdı.
Son dəfə onu mart ayının əvvəlində, anadan olduğu günü qeyd edən jurnalistlərlə və pərəstişkarları ilə görüşmək üçün evdən çıxanda görüblər.
“Bütün zamanların dahi kolumbiyalısının ölümünə görə min ilin tənhalığı və kədəri ilə onun ailəsinə həmrəyliyimi və baş sağlığımı bildirirəm”, - öz Twitter səhifəsində Kolumbiyanın prezidenti Juan Manuel Santos yazıb.
Gabriel García Márquez məşhur Kolumbiya yazıçısı, jurnalist, naşir və siyasi xadim, 1982-ci il Nobel Mükafatı laureatıdır.
Márquez “sehrli realizm” ədəbi cərəyan nümayəndəsi və XX əsrin Latın Amerikası və dünya nəsr ustasıdır.
Gabriel García Márquez “Yüz ilin tənhalığı”, “Patriarxın payızı” və “Polkovnikə heç kim yazmır” – onun ən tanınmış əsərləridir.
